2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın Avropaya qaz ixracatı 8 faiz artaraq 11,7 milyard kubmetrə çatıb. Ümumilikdə, bu ilin ilk 11 ayında xarici bazarlara 22,9 milyard kubmetr qaz ixrac olunub, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur.

Bəs onda Avropada Azərbaycan qazına tələbatın artması ölkənin daxili qaz hasilatı və ixrac siyasətinə hansı təzyiqləri göstərə bilər?

Bu sualı Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədova ünvanladıq. QHT.az-a verdiyi özəl açıqlamada professor ölkənin qaz ixracatının artmasının daxili bazara təzyiqlər yaratmayacağını bildirib. Onun sözlərinə görə, hasilatın artması ilə müşahidə olunan ixrac artımı daxili bazarda hər hansı problemə səbəb olmayacaq:

"Azərbaycanın Avropaya qaz ixracatının həcminin artması gözlənilən idi. Yaxın müddətli perspektivdə biz qaz ixracatının artan xətt üzrə inkişaf etməsinin şahidi olmalıyıq. Belə ki, ölkədə qaz hasilatı artır və biz artıq neft hasilatının azalması və qaz hasilatının artması ilə bağlı gözlənilən proqnozlara uyğun şəkildə ölkədə ölkə iqtisadiyyatı üçün bu iki önəmli əmtəə üzrə dinamikanın şahidi oluruq. Düşünürəm ki, bu ölkə iqtisadiyyatında qaza olan tələbin artması fonunda hansısa daxili bazara yönəlik təzyiqlərə səbəb olmayacaq. Çünki əslində bu, hasilatın artması ilə müşahidə olunan ixrac artımıdır. Yəni ümumən hasilat da artır, ixrac da artır. Amma eyni zamanda onu da qeyd edim ki, təbii ki, biz daha çox ölkədaxili qaz və neft emalı göstəricilərinə nail olmalıyıq. Çünki son nəticədə emal sektorunun inkişafı prioritet olmalıdır. Bu həm yeni iş yerləri, həm iqtisadiyyatın şaxələnməsi rəqabətqabiliyyətliliyinin artmasıdır, yüksək texnoloji tutumlu iqtisadi istiqamətlərə təkandır ki, bunlar da təbii olaraq hər bir ölkə üçün iqtisadi hədəflərdən olmalıdır".

 

Pərvanə Fərhadqızı

QHT.az