Yay mövsümündə havaların temperaturunun yüksəlməsi dönər kimi tez xarab ola bilən qidaların istehlakı ilə bağlı riskləri artırır. Düzgün saxlanılmayan və ya gigiyenik qaydalara əməl edilmədən hazırlanan dönər qida zəhərlənmələrinə səbəb ola bilər. Xüsusilə isti aylarda bu cür halların artması istehlakçıların diqqətli olmasını zəruri edir. Bəs vətəndaşlar dönər alarkən nələrə diqqət etməli, özlərini qida zəhərlənməsindən necə qorumalıdırlar?
Qida eksperti Fərid Səfərov bu barədə QHT.az-a açıqlama verib:
"Yay aylarında havanın yüksək temperaturu bakteriyaların çoxalmasını sürətləndirdiyi üçün dönər kimi hazır qidalar daha yüksək risk daşıyır. Xüsusilə elektrik enerjisində fasilələr, soyuducu sistemlərinin düzgün işləməməsi, məhsulların açıq havada uzun müddət saxlanılması və müştəri sıxlığı səbəbindən gigiyena qaydalarının zəifləməsi zəhərlənmə ehtimalını artırır. Buna görə istehlakçılar dövriyyəsi yüksək, sanitar-gigiyenik vəziyyəti yaxşı olan obyektlərə üstünlük verməli, qeyri-adi qoxu, rəng və ya dad hiss etdikdə həmin qidanı istehlak etməməlidirlər".
Ekspert bildirib ki, yay mövsümündə qida təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi həm sahibkarlar, həm də istehlakçılar üçün zəhərlənmələrin qarşısının alınmasında əsas şərtdir.
Fatimə Məmmədova












