Əfqanıstanda humanitar maliyyələşmənin azalması uşaqlar arasında qidalanma böhranını daha da dərinləşdirib.

QHT.az xarici mediaya istinadən bildirir ki, “Save the Children” təşkilatının 13 avqust 2026-cı ildə açıqladığı məlumatlara görə, ölkədə 5 yaşadək uşaqların təxminən hər 10-dan biri kəskin qidalanma çatışmazlığından əziyyət çəkir. Təşkilatın BMT məlumatları əsasında apardığı təhlilə əsasən, 2026-cı ildə kəskin qidalanma problemi yaşayan uşaqların sayı 3,7 milyona çatıb. Bu göstərici son dörd ildə 14 faiz artıb. 

Təşkilat bildirir ki, humanitar maliyyələşmənin azalması səbəbindən Əfqanıstanda 600-ə yaxın səhiyyə müəssisəsi fəaliyyətini dayandırıb və ya xidmətlərini məhdudlaşdırıb. Bu vəziyyət təxminən 4 milyon insanın, o cümlədən 2 milyona yaxın uşağın əsas tibbi xidmətlərə çıxışını çətinləşdirib. 

“Save the Children”ın məlumatına görə, 2022-ci ildə Əfqanıstana humanitar yardımın həcmi 3,27 milyard dollar olduğu halda, 2025-ci ildə bu rəqəm təxminən 1 milyard dollara düşüb. 2026-cı ildə isə indiyədək cəmi 438 milyon dollar vəsait təmin edilib və humanitar maliyyələşmədə 74 faizlik boşluq yaranıb. 

Təşkilatın Əfqanıstan üzrə nümayəndəsi Aşiş Dammal bildirib ki, aclıq, milyonlarla miqrantın ölkəyə geri qayıtması, məcburi köçkünlük, təbii fəlakətlər və uzunmüddətli quraqlıq onsuz da məhdud olan humanitar resurslara əlavə təzyiq yaradır.