Dövlətimizin başçısının Gəncə şəhərinə səfəri sosial-iqtisadi, mədəni-ictimai və siyasi cəhətləri özündə əks etdirən məqamlarla zəngin idi. Bakıdan 300 km məsafədə yerləşməsinə baxmayaraq, Gəncə hər zaman dövlətimizin diqqət və qayğısında olub. Regionların sosial-iqtisadi inkişafına uyğun olaraq, Prezident İlham Əliyevin göstərişi əsasında Gəncədə böyük infrastruktur layihələri reallaşdırılıb. Bu da başa düşülən məsələdir, çünki böyük şəhərin xüsusiyyətləri hər bir sahədə inkişaf tələb edir. Dünya təcrübəsinə əsaslanaraq deyə bilərik ki, ərazisinə və yerləşdiyi regiona görə Gəncəni inkişaf etmiş şəhər hesab etmək olar. Dövlətimizin başçısı da şəhərdə görülən infrastruktur layihələri haqqında məlumat verərkən qeyd etdi ki, Gəncədə elektrik enerjisi ilə təchizat tam öz həllini tapıb. Bu da şəhərdə bütün sahələrin, o cümlədən sənaye müəssisələrinin effektiv, məhsuldar işləməsi üçün önəmli faktordur. Həm də Gəncənin Mingəçevirə yaxın olması şəhərin enerji təchizatının yaxşılaşmasına təsir göstərən amillərdəndir. Bununla yanaşı, şəhərdə qazlaşdırma layihəsinin tamamlanması da Azərbaycanın ikinci şəhərinin inkişafına, əhalinin yaşayışına müsbət çalarlar qatır.
Prezident İlham Əliyev içməli su layihəsinin və kanalizasiya sisteminin yaxşılaşdırlmasının uğurla davam etdirildiyini diqqətə çatdırdı. Bu proses dövlətimizin diqqət mərkəzində duran vacib işlərdən biridir. Çünki hər kəsin gündəlik məişətdə istifadə etdiyi ən vacib elementlərdən biri də sudur. İnsanların sağlamlığlarının qorunması baxımdan da su böyük əhəmiyyətə malikdir. Eyni zamanda, Gəncədə vətəndaşların ixtiyarına verilən mədəni, sosial layihələr çərçivəsində Dram Teatrının, “ASAN” xidmət mərkəzinın, Gəncə Aqrar Universitetinin iki yataqxanasının, “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunun fəaliyyətə başlaması müharibədən çıxmış ölkədə iqtisadiyyatın normal inkişaf etdiyini göstərir. Bu qeyd etdiklərimiz sadəcə Gəncə şəhərində reallaşdırılan layihələrdir. Dövlətimizin başçısı bundan əvvəl Şamaxıda, İsmayıllıda, Sumqayıtda, elə Bakıda da infrastruktur layihələrinin, sosial-mədəni tikililərin, dini obyektlərin təməlini qoyub və ya yaxud açılışlarını edib. Paralel olaraq, Gəncədə Azərbaycanın ən böyük idman sarayının tikintisi uğurla davam etdirilir. Bu mütərəqqi addım ölkədə gənclərimizin sağlam böyüməsi, zərərli vərdişlərdən uzaq durması istiqamətində vacib qərarlardan biridir. Həm də gələcəkdə böyük idman yarışlarının təkcə Bakıda yox, eləcə də Gəncədə baş tutmasına zəmin hazırlayır. Əslində Gəncə İdman Sarayının tikilməsi gələcəyə yönələn bir addımdır. Bütün beynəlxalq idman yarışlarının Bakıda keçirilməsi şəhərdə sıxlığa və digər problemlərə səbəb olduğu üçün gələcəkdə beynəlxalq idman tədbirlərinin Gəncədə keçirilməsi də prioritet məsələlər sırasındadır. Digər vacib bir məqam isə Gəncənin gələcəkdə turistlərin gəlməsi üçün uyğun zonaya, həmçinin istirahət üçün əlverişli yerə çevrilməsidir. Belə ki, bunu Bakıya düşən yükün azaldılması istiqamətində atılan addım kimi də dəyərləndirmək olar.
Erməni terrorunun əyani sübut kimi saxlanılmasının əhəmiyyəti
44 günlük Vətən müharibəsi dövründə məğlubiyyətini arxa plana salmaq, ölkəmizdə əhali arasında qorxu yaratmaq və digər ölkələri savaşa cəlb etmək istəyən Ermənistan növbəti dəfə beynəlxalq hüququn normallarını ən kobud formada pozdu. Belə ki, Ermənistan savaş dövründə müharibə zonasına daxil olmayan Gəncə şəhərini “Toçka-U” və “SCUD” raketləri vasitəsilə atəşə tutdu. Nəticədə 6-sı uşaq olmaqla, 26 mülki vətəndaş həlak oldu. Həmçinin ermənilərin ballistik raketdən Gəncəyə atəş açması nəticəsində xeyli sayda yaralılar da oldu. Bununla yanaşı, yaşayış binalarına, obyektlərə ciddi ziyan dəydi, yaxud dağıldı. Beynəlxalq hüquqda dinc əhaliyə qarşı Skad” raketlərindən istifadənin qadağan olunmasına baxmayaraq, Ermənistan hər zaman olduğu kimi öz faşist, terrorçu davranışlarını davam etdirdi. Belə ki, bu raketlər hərbi obyektlərin vurulması üçün nəzərdə tutulsa da ermənilər mülki infrastrukturları hədəf aldılar. Buna görə də Azərbaycan Ermənistanın cinayət, terror əməllərini aktlaşdırıb beynəlxalq məhkəmələrə göndərməyə tam hüququ var. Bu terrorun dünyanın gözü önündə olması ermənilərin əl-qolunu bağlayır. Çünki ermənilər deyə bilməyəcəkdir ki, onlar hərbi obyektləri hədəf alıblar. Bu raket ən pis ehtimal 50 metr yanlış məsafəyə düşə bilər. Demək ki, ermənilər birbaşa mülki insanları, Azərbaycanın ən böyük şəhərlərindən birini hədəf alıblar. Özü də raket bir yox, Gəncəyə 13 dəfə atılıb. Bundan əlavə, erməni terrorçuları Bərdə, Tərtər, Goranboy, Ağdam, Naftalan və digər ərazilərimizə də müxtəlif funksiyalı raketlərdən atəş açıblar. Nəticədə müharibə zonasında yerləşməyən ərazilərimizdə xeyli mülki insan həlak olub. Bütün bu vəhşilikləri həm gələcək nəsillərə, həm də ölkəmizə gələn qonaqlara, rəsmi şəxslər göstərmək üçün Gəncə Memorial Kompleksinin əhəmiyyəti böyükdür. Həmçinin Ermənistanın beynəlxalq məhkəmələrə verilməsində bu kompleks Azərbaycanın xeyrinə olan məqamlardandır ki, əyani sübut olaraq qalır.
Gəncənin strateji əhəmiyyəti
Gəncənin Azərbaycanın ikinci şəhəri kimi, həm Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçası olması, həm də Qarabağ zonasına yaxınlığı buranın daha çox diqqətdə saxlanılmasını vacib edir. Bu səbəbdəndir ki, Gəncəyə gedən yollar tam müasirləşdirilib. Bundan əlavə, Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi də başa çatıb. Gəncədən Gürcüstana gedən yolun siyasi-iqtisadi əhəmiyyəti vardır. Belə ki, Azərbaycan və Türkiyə Prezidentlərinin təşəbbüsü ilə reallaşan regional 3+3 platforması Gürcüstanı da əhatə edir. Qonşu ölkə hazırda 3+3 platformasına daxil olmasa da, gələcəkdə bu yol vasitəsilə ölkəmizin Gürcüstanla logistik əlaqələrinin inkişaf etdirilməsi asanlaşacaq. İstər Zəngəzur və Qarabağdan, …
Ermənistana növbəti xəbərdarlıq
Prezident İlham Əliyev beynəlxalq təşkilatlarla və dövlətlərə görüşlərində terrorun, faşizmin təbliğatının aparılmaması istiqamətində tövsiyələr edib. Eyni zamanda, MDB Zirvə görüşlərinin birində məsələni qaldıran dövlətimizin başçısı bildirib ki, Qaregin Njdenin Ermənistanda- İrəvanda büstünün qoyulması, adının küçələrə, parklara, metro stansiyalarına verilməsi birbaşa faşizmin təbliğatıdır. Həmçinin Njde azərbaycanlıların öldürlüməsində iştirak edən cəllad erməni terrorçularından, faşistlərindən biridir. Dolayısı ilə Ermənistanın bu cür şəxsiyyətsizlərə hörməti, ehtiramı təəccüblü deyil. Demək ki, Ermənistanın xarakteri dəyişməyən siyasəti bu günə qədər davam edir. Ona görə də Prezident İlham Əliyev bildirdi ki, biz illərdir davam edən erməni faşizmini məğlub etmişik. Amma erməni faşizmi hələ də tam məhv olmayıb. Əgər Ermənistandan Azərbaycana qarşı revanşist davranışlar görsək dərhal ciddi tədbirlər görəcəyik. Çünki bəzən məğlub Ermənistanın bəzi dairələrindən torpağlarımızla bağlı iddialar eşidirik. Ermənistanda baş qaldıran revanşist çağırışlara cavab olaraq dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan Ordusu hər zaman düşmənin başını əzməyə hazırdır. Ordu arsenalimiza daxil edilən müasir silahlar, yaradılan yeni Komanda birlikləri, Xüsusi Təyinatlıların mütəmadi hazırlıq keçməsi ölkəmizin bütün mənfi çağırışlara hazır olduğunu göstərir. Eyni zamanda, Şuşa Bəyannaməsinin dövlətimiz tərəfindən təsdiq olunması Azərbaycanın yanında NATO üzvü, ən güclü ordulardan biri olan Türkiyənin yer almasını rəsmiləşdirdi.
Elmir Səftərov,
Siyasi şərhçi












