"Elmi işlərə - dissertasiyalara qoyulan tələblər təhsil sistemimizdəki "sinkretizm"i (Baloniya sistemi+sovet sistemi+fərdi interpretasiya) xatırladır. İki fərqli yanaşmanı naşıcasına "sintez edib" realizə etmək, təbii ki, çoxsaylı sual və boşluqlara yol açacaq."

QHT.az xəbər verir ki,bu fikirləri Filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva deyib. "Əvvəla, dissertasiya və onun aprobasiyasına qoyulan tələblər yenidən müzakirə olunub beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Bir tərəfdən dissertasiya işlərinin əsas müddəalarının ciddi elmi nəşrlərdə yer alıb özünü təsdiq etməsi, həmin mətnlərin internetdə yerləşdirilməklə istifadəyə açıqlığı tələb olunur, digər tərəfdən yaradılan antiplagiat proqramı internetdən həmin mətnləri tapıb müəllifin öz işini plagiat kimi göstərir. Nəticədə dissertant və ya doktoranta məqalənin dissertasiyada eynilə yer ala bilməyəcəyi tələbi qoyulur və ona dissertasiya işində həmin məqalədəki cümlə və ya abzasları birləşdirmək, dəyişdirmək və s. kimi saxtakarlıq təklif olunur. İndi sual olunur: əgər ciddi nəşrlərdə yer alan və təsdiqini tapan ayrı mətn olacaqsa, onda dissertant və ya doktorant iki fərqli iş yazmalıdır? O zaman işinin elmi mühitdə təsdiqini aldığını necə sübut etməlidir? Bu absurd görünən yanaşma yenidən gözdən keçirilməli, ya Türkiyədəki kimi iş yalnız müdafiədən sonra elmi dövriyyəyə gətirilməli, ya da sovet dövründəki kimi, hissə-hissə elmi nəşrlərdə təsdiqini tapmalıdır. İkisinin gülünc sinkretizmi saxtakarlığa yol açır, elmi iş yazmağa marağı söndürür. Antiplagiat proqramı isə təkmilləşməyə möhtac proqramdır. Çünki müəllifin öz yazısı plagiat olaraq göstərilə bilməz. Bu tərzdə dəyərləndirmə acı gülüş və təəssüf hissi doğurur. Professor adına qoyulan tələblər də yenidən gözdən keçirilməlidir. Son tələblər "bundan sonra kimsəyə bu elmi vəzifə verilməcək" hökmünə bərabərdir. Sanki mətni hazırlayanlar "bizdən sonra kimsə professor adına layiq ola bilməz" düşüncəsindən çıxış etmiş, bu sərt, beynəlxalq elmi mühitin mövcud və məlum tələblərinə zidd qərarlar qəbul etməklə Azərbaycanda elm sahəsində inkişafa son vermək məqsədini qarşılarına qoyaraq gerçəkləşdirmək niyyətindən çıxış etmişlər..