Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə İstanbul Texnik Universiteti (İTÜ) arasındakı ikili diplom müqaviləsinə əsasən, təhsilini İTÜ-də davam etdirən Nəzrin Rzayeva “Ali materiallar müqaviməti” fənni üzrə topladığı balla həmin universitetdə birinci olub.
QHT.az "Unikal"-a istinadən xəbər verir ki, Nəzrin Rzayeva “Ali materiallar müqaviməti” fənninin semestr və imtahan göstəricilərində Türkiyə ali təhsili üzrə qiymətləndirmə sisteminin (4 ballıq sistem) ən yüksək nəticəsini əldə edib.
I və II kursda AzMİU-nun İnşaat fakültəsində təhsil alan Nəzrin Rzayeva ikili diplom müqaviləsi əsasında III və IV kurslarda təhsilini İTÜ-də davam etdirəcək. Müqaviləyə görə, təhsilini başa vurandan sonra tələbəyə həm AzMİU-nun, həm də İTÜ-nün diplomunu təqdim olunacaq.
Qeyd edək ki, Nəzrin Rzayeva 2019-2020-ci tədris ilində 622 balla AzMİU-nun İnşaat fakültəsinə, “İnşaat mühəndisliyi” ixtisası üzrə ingilis dilli qrupa qəbul olub.












