QHT.az xəbər verir ki, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin yekun tədbirində BAYRAQDAR MEDİA-nın qurucu baş redaktoru Azər Həsrət çıxış edib.

O bildirib ki, tədbirdə millət vəkillərinin, Türkiyə və Qazaxıstan səfirliklərinin nümayəndələrinin iştirakı, eləcə də səsləndirilən təkliflər işin əhəmiyyətini daha da artırır:

“Əcdadımız deyirdi ki, ümid varsa, yol da var. Bir zamanlar bizi işğal etdilər, istila etdilər, amma biz yenidən toparlandıq və azad olduq. Burada səsləndi: ‘Yeddi dövlət, bir millət’. Mən illərdir deyirəm ki, bu, sadəcə ‘iki dövlət, bir millət’ deyil. Türk Cümhuriyyəti də daxil olmaqla yeddi türk dövləti bir milləti təşkil edir və bu, danılmaz həqiqətdir”.

Azər Həsrət vurğulayıb ki, dünyada 300 milyondan çox türkün birliyi vacibdir və hər kəsin türk kimliyini etiraf etməsi, qəbul etməsi önəmlidir:

“Əgər kimsə özünə türk demirsə, bu, problem deyil. Əsas odur ki, biz ortaq köklərimizi qəbul edək. Qazaxıstan, Qırğızıstan və Özbəkistanın latın əlifbasına keçidi sürətləndirməsi çox vacibdir. Ortaq türk əlifbası layihəsi hazırdır, sadəcə qəbul edilməlidir. Bu, ortaq türk kimliyinin möhkəmlənməsi üçün mühüm addım olacaq”.

 

Pərvanə Fərhadqızı