Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
QHT.az xəbər verir ki, bu gün 3 Milli Qəhrəmanımızın Anım günüdür. “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Qeyd edək ki, "AZCON Holding" şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC və “Azərpoçt” MMC J2-8243 nömrəli Bakı–Qroznı reysinin icrası zamanı baş vermiş faciəyə həsr olunmuş poçt markasını təqdim edib. Təqdimat mərasimi Milli Azərbaycan Tarixi Muzeyində keçirilib və poçt markasının nümunəsi xüsusi ekspozisiya kimi nümayiş olunub. Markanın dizaynında yer alan sonsuzluq simvolu faciəli hadisənin, onun qurbanlarının və milli tariximizdə iz qoymuş ekipajın qəhrəmanlığının yaddaşlarda daim yaşadılmasını ifadə edir.
Layihə ekstremal şəraitdə peşəkar, koordinasiyalı və fədakar fəaliyyəti sayəsində 29 nəfərin həyatını xilas etmiş ekipaj üzvlərinin qəhrəmanlığını ön plana çıxarır. Təqdimatda Azərbaycan Respublikasının Milli Qəhrəmanları olan ekipaj üzvlərinin ailələri də iştirak ediblər. Xatirə poçt markaları ailə üzvlərinə və ekipaj üzvlərinə təqdim olunaraq cəsarət və peşəkarlığa göstərilən ictimai ehtiramın rəmzi olub.
Layihə xeyriyyə yönümlüdür. Xatirə poçt markalarının satışından əldə edilən bütün vəsait “YAŞAT” Fonduna ianə olunacaq.












