Onlar müəyyən ediblər ki, Yer kürəsində ən ekstremal ekoloji hadisələrdən biri Qırmızı dəniz hövzəsində baş verib.

QHT.az xəbər verir ki, Kral Abdulla Elm və Texnologiya Universitetinin alimləri müəyyən ediblər ki, təxminən 6,2 milyon il əvvəl Qırmızı dəniz tamamilə quruyub, daha sonra qəfildən Hind okeanından gələn sularla dolub.

Seysmik görüntüləmə, mikrofosil və geokimyəvi analizlər göstərib ki, bu dəyişikliklər cəmi 100 min il ərzində baş verib. O dövrdə Qırmızı dəniz Aralıq dənizi ilə əlaqəsini itirərək duzlu səhraya çevrilib. Daha sonra güclü sel və vulkanik maneələrin aşınması nəticəsində Bab əl-Məndeb boğazı açılıb və dəniz yenidən okeanla birləşib.

Tədqiqat göstərir ki, Qırmızı dəniz ərəb və Afrika plitələrinin ayrılması ilə 30 milyon il əvvəl formalaşıb. Zamanla buxarlanma və zəif sirkulyasiya duzluluğu artıraraq dəniz həyatının yox olmasına səbəb olub. Lakin Hind okeanından gələn daşqın dəniz ekosistemini yenidən canlandırıb.Alimlər bildirirlər ki, Qırmızı dəniz okeanların əmələ gəlməsi, duz qatlarının yığılması və tektonik-iqlim proseslərinin qarşılıqlı təsirini anlamaq üçün təbii laboratoriyadır.

 

R.İmanov