Ölkə başçısının 27.02.2020-ci il tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı»nın icrası çərçivəsində vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi, açıq hökumətin təşviqi ilə bağlı respublikada həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün təlimlərin təşkilinə başlanılmışdır.
QHT.az xəbər veri ki, Ədliyyə Nazirliyinin təşəbbüsi ilə və Açıq Hökumət Milli Platformasının və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsinin (ECSOFT) texniki dəstəyi ilə qeyri-hökumət təşkilatları (QHT) üçün “Çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə QHT-lərin öhdəlikləri, bu sahədə risk əsaslı yanaşmanın tətbiqi” adlı onlayn təlim keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin Nəzarət-analitik iş üzrə qrupun rəhbəri Leyla Bərxudarzadə, Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları iş şöbəsinin məsləhətçisi Nərmin Zamanova, Maliyyə Monitorinq Xidmətinin Hüquq Departamentinin direktoru Azər Abbasov və Açıq Hökumət Milli Platformasının koordinatoru və ECSOFT layihəsinin eksperti Əliməmməd Nuriyev çıxışlar və təqdimatlar etmişlər.
Tədbirin məqsədi QHT-ləri çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə dair ölkə qanunvericiliyinin tələbləri ilə tanış etmək, QHT-lərə bu sahədə öhdəliklərini izah etmək, risk əsaslı yanaşmanın tətbiqindən irəli gələn praktik məsələləri müzakirə etmək və QHT-lərin müvafiq suallarını cavablandırmaq idi.
Tədbirlərdə Bakı, Sumqait, Gəncə, Quba, Şirvan, Qəbələ, Şəmkir, Mingəçevir, Şəki və digər şəhərlərdə fəaliyyət göstərən 30 QHT iştirak etmişdir.












