Xəbərlər 06.06.2025 12:37 92

Bu, Azərbaycana qarşı nifrət üzərində qurulan iftira kampaniyasıdır - QHT-lər İsveçrə səfirinə etiraz edir

Azərbaycan Milli QHT Forumu İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Tomas Ştəliyə açıq məktub ünvanlayıb.

QHT.az  xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Səfir,

Son vaxtlar İsveçrədə Azərbaycan əleyhinə fəaliyyətin genişlənməsi, İsveçrə parlamentinin Kantonlar Şurasının (Senatının) “beynəlxalq sülh forumu” adı altında Cənubi Qafqazda sülh və sabitliyə xələl gətirən, Ermənistanda kilsə başda olmaqla revanşistlərin mövqeyini müdafiə edən təkliflərlə çıxış etməsi müşahidə edilir.

Bu günlərdə Bern şəhərində İsveçrə Protestant Kilsəsinin erməni kilsəsi ilə birlikdə Azərbaycanın suveren ərazilərində “erməni irsi” mövzusunda təşkil etdiyi tədbiri də bu seriyanın davamı kimi qəbul edirik.

Azərbaycana qarşı nifrət üzərində qurulan bu iftira kampaniyalarını hiddətlə qarşılayırıq. Bu cür tədbirlər regionda sülh və etimad quruculuğuna xidmət etmir, əksinə Ermənistanda revanşizmi alovlandırır, separatizmin yenidən təbliğinə münbit zəmin yaradır. Bu tədbirlərdə iştirak edən şəxslər açıq şəkildə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə təxribatçı fikirlər yayır, tarixin arxivinə göndərilmiş ritorika və terminologiyadan istifadə edirlər. Xüsusilə erməni kilsəsi burada xüsusi “fəallıq” nümayiş etdirir. Təəssüf ki, erməni kilsəsi xalqlar arasında barışığı təbliğ etmək əvəzinə, düşmənçiliyin davam etdirilməsində israrlıdır.

Belə təşəbbüslər, xüsusilə də İsveçrə kimi beynəlxalq hüquqa hörmət etdiyini iddia edən bir ölkənin parlamenti tərəfindən irəli sürüləndə, qəbul ediləndə və ya İsveçrə cəmiyyətinin bir hissəsi olan kilsə tərəfindən təşviq ediləndə, İsveçrə ərazisində keçiriləndə, obyektivlik və bitərəflik prinsipinə zidd olaraq, ikili standartların bariz nümunəsinə çevrilir. 21-ci əsrdə Avropanın mərkəzində məsələlərə etnik və dini təəssübkeşlik prizmasından yanaşılması qəbuledilməzdir.


Azərbaycanın torpaqları uzun illər işğal altında qaldığı dövrdə, Ermənistan tərəfindən Qarabağ və Şərqi Zəngəzurda mədəni və dini irsimiz məhv edilmiş, qəbiristanlıqlar, məscidlər dağıdılmış, təhqir olunmuşdur. Bu faktlar beynəlxalq təşkilatlar tərəfindən sənədləşdirilib. Ermənistan ərazisində də Azərbaycan xalqının maddi-mədəni irsi sistemli şəkildə yox edilib. Həmin Kantonlar Şurası ötən dövrlərdə olduğu kimi bu barədə nəinki bu gün də susur, hadisələri pisləmir, əksinə lüzumsuz təşəbbüslərlə Azərbaycan əleyhinə köhnəlmiş narrativləri yenidən səsləndirir.

Niyə həmin Kantonlar Şurası Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə qədər itkin düşmüş azərbaycanlının taleyi ilə maraqlanmır?! Az qala hər gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın basdırdığı minaların partlaması nəticəsində insanlar həlak olur, yaralanır. Bəs, beynəlxalq humanitar hüququn əsas sənədləri sayılan 1949-cu il Cenevrə konvensiyalarının depozitarisi olan bir ölkənin Kantonlar Şurası niyə bu məsələlərə dair mövqeyini ifadə etmir?!

Xüsusilə, regiondan kənar ölkələrin məsələlərə birtərəfli, qərəzli və irqçi yanaşması yolverilməzdir. Biz bu cür yersiz müdaxilələri qətiyyətlə pisləyir, Azərbaycan-Ermənistan arasındakı normallaşma prosesinə zərbə hesab edirik.

İsveçrə real, ədalətli, əsaslı faktlara göz yumaraq, Azərbaycana qarşı iftira kampaniyasının meydançasına çevrilməməlidir. İsveçrədə Azərbaycana qarşı qarayaxma kampaniyasına, ölkəmizin daxili işlərinə yersiz müdaxiləyə son qoyulmalıdır.

Yuxarıda qeyd edilənlərlə əlaqədar, Azərbaycan cəmiyyətinin hiddətinin, etirazının İsveçrənin aidiyyəti qurumlarına çatdırılmasını xahiş edirik. Biz - Azərbaycan Milli QHT Forumunun təmsilçiləri 100-lərlə Azərbaycan QHT-lərini birləşdirən çətir təşkilat olaraq, məsələni ətraflı müzakirə etmək üçün Sizinlə görüşməyə hazırıq”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı