5 iyun Ümumdünya Ətraf Mühit Günüdür- QHT sədrindən AÇIQLAMA
Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova, QHT.az portalına verdiyi açıqlamada Ümumdünya Ətraf Mühit Günü ilə bağlı vacib məqamları vurğulayıb.
QHT sədri bildirib ki, bu gün 1972-ci ildə İsveçin Stokholm şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Konfransından sonra hər il iyunun 5-də qeyd olunur:
"O, bir çox qeyri-hökumət təşkilatları, bizneslər və dövlət qurumları tərəfindən dəstəklənir və Birləşmiş Millətlər Təşkilatının ətraf mühitə dəstək üzrə əsas təbliğat gününü təmsil edir. Ümumdünya Ətraf Mühit Günü hər il diqqət mərkəzində saxlanılmalı olan ekoloji problemlərə yönəlmiş bir mövzu ətrafında təşkil edilir. 2015-ci ildə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün əsas mövzusu davamlı istehlakdır və təbii ehtiyatlardan ehtiyatlı istifadənin vacibliyi vurğulanır. Sənayeləşmə və iqtisadi artımla yanaşı, bəşəriyyətin təbiətə artan təzyiqi və müdaxiləsi ciddi ekoloji problemlərə səbəb olmuşdur. Ətraf mühiti və təbii ekosistemləri təhdid edən problemlərin yeni və geniş perspektivdən həll edilməsi zərurətindən çıxış edərək, son illər dünya gündəmində “dayanıqlı inkişaf” prinsipi öz yerini tutmuşdur".
QHT sədri dünyanın təbii sərvətlərinin geri dönüşü olmayan kritik həddə yaxınlaşdığını nəzərə alaraq, sağlam bir gələcək üçün həm fərdi, həm də ictimai həyatımızda ehtiyat tədbirlərinin görülməsinin vacibliyini qeyd edib:
"Dünyamızın təbii sərvətlərinin geri dönüşü olmayan kritik həddə yaxınlaşdığını nəzərə alsaq, sağlam gələcək üçün həm fərdi, həm də ictimai həyatımızda ehtiyat tədbirlərinin görülməsi vacibdir. Bu gün bir çox başqa ölkələr kimi, ölkəmiz də böyümə anlayışını davamlı inkişaf prinsipi üzərində quraraq həm ətraf mühiti, həm də gələcək nəsillərin hüquqlarını təmin etməyi qarşısına məqsəd qoyub. Son illərdə iqlim dəyişikliyi səbəbindən ekstremal hava hadisələri; isti və soyuq dalğalar, şiddətli tufanlar və yağışlar, meşə yanğınları bütün dünyada insan itkisinə səbəb olub. Ölkəmizdə də son illər həddindən artıq yağıntılar nəticəsində sel və torpaq sürüşmələri tez-tez yaşanır. İqlim dəyişikliyi sağlamlığa birbaşa və ya dolayı təsir göstərə bilər. Birbaşa təsirlərə istilik və soyuq dalğalar, ekstremal hava hadisələri və sağlamlıq problemləri daxildir. Dolayı təsirlər daha mürəkkəbdir. İqlim dəyişikliyinin ekoloji nəticələrinə temperaturun artması, bəzi yerlərdə həddindən artıq yağıntılar, bəzi yerlərdə quraqlıq, ekstremal hava hadisələri, dəniz səviyyəsinin qalxması və çəkilməsi daxildir".
Ardı var...
Pərvanə Fərhadqızı
QHT.az