Milli Məclisin deputatı Səbinə Salmanova Polad Həşimovun ailəsini ziyarət edib - FOTOLAR
İslam dünyasının ən müqəddəs bayramlarından biri olan Qurban bayramı ərəfəsində Milli Məclisin deputatı Səbinə Salmanova Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət edib.
Səbinə Salmanova Polad Həşimovun yalnız hərbi rütbəsi ilə deyil, ruhu ilə də böyük olduğunu vurğulayıb:
"Onun dövlətimizin müdafiəsində göstərdiyi igidlik və fədakarlıqla bütün xalqımızın qəlbində əbədi yer tutub. Poladın şücaəti, Vətənə sədaqəti və məharəti hər birimiz üçün parlaq örnəkdir. O, əsgərlərinə həm komandir, həm də böyük qardaş olmuşdu. Səmayə xanımla, qardaşı İlham bəylə səmimi söhbətimiz zamanı Polad Həşimovun döyüş və həyat yoluna bir daha nəzər saldıq, qəhrəmanımızın xatirələrindən danışdıq. Səmayə ana təkcə Poladın deyil, bütün Azərbaycanın anasıdır. Onun hər bir sözü, hər bir baxışı Poladın igidliyini, Vətənə olan sonsuz sevgisini bizə bir daha hiss etdirdi".
Səbinə Salmanova, bu gün Səmayə ana kimi analar sayəsində Poladların yetişdiyini, Azərbaycanın güclü və azad olduğunu və bu xalqın gücünün torpağın altındakı qəhrəmanların ruhundan və üstündəki anaların duasından gəldiyini qeyd edib:
"Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi qarşısında baş əyir, ailələrinə səbir diləyirəm!"
Pərvanə Fərhadqızı