Xəbərlər 05.06.2025 23:00 62

“Əlilliyi olan şəxslərin bacarıqlarının inkişafı” layihəsi çərçivəsində növbəti təlim keçirildi - FOTOLAR

03 iyun 2025-ci il tarixində “İstedadlı Əlillər” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Əlilliyi olan şəxslərin bacarıqlarının inkişafı” layihəsi çərçivəsində beşinci növbəti təlim uğurla başa çatdı.

QHT.az xəbər verir ki, təlimin açılışında layihənin təlimçisi Zümrüd Xəlilova iştirakçıları salamlayaraq keçiriləcək sessiyanın əvvəlki dərslərin məntiqi davamı olduğunu vurğuladı. Təlim zamanı iştirakçılar iki qrup üzrə müxtəlif yaradıcılıq tapşırıqları yerinə yetirdilər. Bu dəfə əməkdaşlıq və qarşılıqlı dəstək qabiliyyətlərində nəzərəçarpacaq inkişaf müşahidə olundu. Uşaqlar çanta toxuma texnikasında bir-birlərinə yardım etməklə həm məsuliyyət, həm də paylaşmaq bacarıqlarını nümayiş etdirdilər. “Gəl, mən sənə göstərim” və “İstəyirsənsə, mən sənə yardım edə bilərəm” kimi ifadələrin onların gündəlik ünsiyyətinə daxil olması sosial bacarıqların formalaşdığını göstərdi.

Əvvəlki təlimlərdə tez yorulan və diqqəti yayındığı müşahidə olunan bəzi iştirakçılar bu dəfə əzmlə işlərini sona çatdırmağa çalışdılar. Sakit və səbirli yanaşma ilə çanta toxunması zamanı yaranan səhvləri düzəltməyə can atdılar. Bu yanaşma uşaqların özünütənzimləmə və problem həll etmə bacarıqlarında müsbət dəyişikliklərin baş verdiyini göstərdi. Dekor elementlərinin seçilməsi və fərdi yanaşma da diqqətçəkən məqamlar arasında oldu. İştirakçılar çantalarını müxtəlif ölçülü düymələr, fərqli rəngli düyünlərlə bəzəyərək yaradıcılıqlarını ifadə etdilər. Nəticədə hər bir çanta onların fərdi zövqünü və estetik düşüncə tərzini əks etdirirdi.

Təlim zamanı uşaqlar bir-birlərinin işlərinə hörmətlə yanaşaraq təşəbbüsləri alqışladılar. Bu isə onların emosional inkişafı və sosial münasibətlərindəki müsbət irəliləyişin əyani sübutu oldu. Digər tərəfdən, ikinci qrup iştirakçılar isə daha yüksək səviyyəli hörmə texnikalarına keçməyə maraq göstərdilər. Uşaqlar adlarının baş hərfləri, sevdikləri simvollarla çantalarını fərdiləşdirərək “bu mənimdir” mesajını verməyə çalışdılar ki, bu da onların mənlik hissinin gücləndiyini göstərdi.

Təlimin sonunda bir neçə uşaq öz işlərini tamamladıqda duyduqları sevinci sözlərlə ifadə etdilər. Onlardan biri, Rəvanə, “Mən bunu tək bacardım!” deməklə özünə inamının artdığını nümayiş etdirdi. Uşaqların bəziləri hazırladıqları çantaları sevdikləri ailə üzvlərinə hədiyyə etmək istədiklərini bildirərək, empatiya və diqqət hisslərini ortaya qoydular. Layihə çərçivəsində keçirilən bu təlimlər, əlilliyi olan şəxslərin yalnız texniki bacarıqlarını deyil, eyni zamanda sosial, emosional və yaradıcılıq yönümlü inkişaflarını da dəstəkləyir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı