Qlobal Cənub QHT Platforması ECOSOC məşvərətçi statusu haqqında infosessiya keçirib
Qlobal Cənub QHT Platforması BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) məşvərətçi status alma prosedurları ilə bağlı hibrid formatda infosessiya təşkil edib.
QHT.az xəbər verir ki, Qlobal Cənub QHT Platformasının Baş Katibi Ramil İskəndərli Platformanın Bakıdakı təsis konfransından sonra keçirilən bu ilk görüşdə iştirak edən üzvlərə təşəkkür edib. O, 2026-cı ildə Bakıda keçiriləcək Platformanın Baş Assambleyasına hazırlıqların başladığını və yeni ölkələrdən müraciətlərin artıq daxil olduğunu qeyd edib. Hal-hazırda Platforma 116 ölkəni birləşdirən böyük bir təsisata çevrilib.
ECOSOC statuslu Azərbaycan QHT-sinin sədr müavini Nədimə Rəhimli isə ECOSOC mexanizmi haqqında ətraflı təqdimat edib, sualları cavablandırıb. İnfosessiyada Platforma üzvlərinə məşvərətçi statusun növləri, müraciət prosedurları, hüquq və öhdəliklər barədə geniş məlumat verilib.
Qlobal Cənub QHT Platforması, bu cür maarifləndirici tədbirlərin davamlı olacağını bildirib. İnfosessiyada 50 ölkədən 86 QHT təmsilçisi iştirak edib.
Pərvanə Fərhadqızı