Xəbərlər 16.04.2025 14:44 147

Günəş partlamalarının təhlükələri – QHT sədri xəbərdarlıq edir

Kosmik hava şəraitinin proqnozlaşdırılması müasir dövrün ən aktual elmi istiqamətlərindən biridir.

Xüsusilə son illərdə Günəşdə müşahidə olunan partlamalar və plazma atılmaları təkcə elm adamlarını deyil, ekoloqları da ciddi şəkildə narahat edir. Bu barədə QHT.az-a açıqlamasında Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova danışıb. Ekspert bildirib ki, Günəş bizim Günəş sisteminin əsas ulduzu olmaqla yanaşı, Yer kürəsindəki canlı aləmin daimi həyat mənbəyidir:

"Günəşdə baş verən ardıcıl termik nüvə reaksiyaları nəticəsində böyük miqdarda enerji yaranır və bu enerji elektromaqnit dalğaları şəklində bütün planetlərə, o cümlədən Yerə yayılır. Günəşin tərkibi əsasən hidrogen və heliumdan ibarət olsa da, onun yaydığı plazmatik zərrəciklər canlı təbiətə də təsirsiz ötüşmür. Son 11 ildə Günəşdə daha tez-tez partlamalar baş verir. Günəş küləklərinin Yer kürəsinin maqnit sahəsinə təsiri xüsusilə ciddi müşahidə edilir. Həsənovanın sözlərinə görə, Yer Günəşdən uzaqlığına görə üçüncü planet olsa da, burada aktiv geoloji fəaliyyət və canlı həyat mövcuddur. Bu səbəbdən Günəşdə baş verən istənilən geofiziki dəyişiklik Yerə birbaşa təsir edə bilər".

QHT sədri bildirib ki, dünyada ilk dəfə 1859-cu ildə müşahidə olunan və “Karriqton hadisəsi” adlanan Günəş partlaması, bu sahədə ilk böyük elmi müşahidə hesab olunur:

"Günəşdə baş verən partlamalar Yer kürəsində maqnit qasırğalarına, internet əlaqələrinin və radiotezliklərin pozulmasına səbəb ola bilir. 2025-ci ildə də yeni bir Günəş partlamasının baş verəcəyi və onun nəticələrinin canlı aləm üçün təhlükə yaradacağı proqnozlaşdırılır".

İradə Həsənova əlavə edib ki, bu cür partlamalar nəticəsində yayılan radiasiya Yer səthindəki infrastrukturlara zərər verə, elektrik enerjisi sistemlərində pozuntu yarada və hətta peyklərin zədələnməsinə səbəb ola bilər. Bu isə bütün kommunikasiya sistemlərinin çöküşü ilə nəticələnə bilər. Günəşdə baş verən güclü kataklizmlər Yer kürəsinin maqnit sahəsini dəyişdirmək gücündədir və bu, ciddi fəlakətə – canlı aləmin yox olması ilə nəticələnə bilər.

Sonda İradə Həsənova qeyd edib ki, tarix boyu Günəş aktivliyi müşahidə edilsə də, bu vaxta qədər insanlıq böyük itkilərlə üzləşməyib. “Ümid edək ki, bu dəfə də Günəşin "şıltaqlığı’" bəşəriyyət üçün təhlükəsiz ötüşəcək və dünyamız yenə də günəşli bir həyat sürməyə davam edəcəkdir”, – deyə o bildirib.

Səməd Vurğunun bu mövzuya uyğun bir bəndini də qeyd etməklə, QHT sədri düşüncələrini belə tamamlayıb:

“Əzəldən belədir, çünki kainat,
Əldən ələ keçir vəfasız həyat
Cahan daimidir, ömür əmanət,
Biz gəldi gedərik, sən yaşa dünya.”

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı