“Avtobuslar ayrılsaydı, uşaqlar təhsildən geri qalmazdılar” - QHT sədri
Ölkə ərazisində müşahidə edilən davamlı yağıntılı hava şəraiti bir sıra təhsil müəssisələrində şagirdlərin davamiyyətinə mənfi təsir göstərib. Elm və Təhsil Nazirliyi tərəfindən verilən məlumata əsasən, təlim-tədris prosesi fasiləsiz şəkildə davam etsə də, bəzi məktəblərdə azyaşlıların dərsə getməsində çətinliklər yaranıb.
Məsələ ilə bağlı QHT.az-a açıqlama verən “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri Esmira Rəhimova bildirib ki, bu cür hava şəraitində uşaqların məktəbə təhlükəsiz və rahat şəkildə çatdırılması üçün xüsusi məktəbli avtobuslarının ayrılması olduqca vacibdir:
“Əgər avtobuslar ayrılmış olsaydı, uşaqlar məktəbdən, təhsildən geri qalmazdılar. Bu şəraitdə şəhərdə nə taksi, nə də digər ictimai nəqliyyat vasitələri işləmədiyi üçün uşaqları təhsil mərkəzinə çatdırmaq demək olar ki, mümkünsüzdür. Şəhər belə hava şərtlərinə hazır deyil”, – deyə Esmira Rəhimova qeyd edib.
Birlik sədri əlavə edib ki, bəzi məktəblərdə artıq onlayn dərs formatına keçid edilib:
“Elə məktəblər var ki, hazırda dərslər onlayn formada keçirilir. Lakin bu, hər zaman və hər şəraitdə məktəb və müəllimlərin texnoloji və metodiki baxımdan hazır olmasını tələb edir.” – deyə o qeyd edib.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə verdiyi son açıqlamada yeni tədris ilindən “Məktəbli avtobusu” layihəsinin tətbiq olunacağını bildirmişdi. Layihə hazırda sınaq mərhələsindədir və nəqliyyatın sıx olduğu məktəblərdə test olunur.
Pərvanə Fərhadqızı
QHT.az