"0 bal alan müəllimlər və bağlanan musiqi məktəbləri – problemin kökü nədir?" – QHT sədrinin münasibəti
Son günlər sosial şəbəkələrdə incəsənət və musiqi məktəblərində müəllimlərin attestasiyasının aparılması, nəticədə 490-dan çox müəllimin attestasiyadan keçə bilməməsi, hətta onlardan 120-dən çox musiqi müəlliminin 0 bal alması halının aşkarlanması ilə bağlı xəbərlər paylaşılır.
Ümumilikdə nəticələrə nəzər saldıqda 2025-ci ilin son 2 ayında keçirilən attestasiyada 1183 müəllimin bilik səviyyəsi yüksək qiymətləndirilib.
Öncə qeyd edək ki, bu say o qədər ürəkaçan olmasa da, hər halda pis nəticə də sayılmaz. Bütün hallarda savadlı müəllimlərimizin daha çox olması sevindirircidir. Qaldı ki, attestasiyadan keçməyən müəllimlərin etirazına...
İmtahandan kəsilən musiqi müəllimlərinin çoxu orta ixtisas təhsil müəssisələrinin məzunudur. Onlar elə öz işlədikləri bölgələrdəki Musiqi Kollecini bitirən müəllimlərdir.
Bəli, başa düşürük ki, ölkədə müəyyən qədər işsizlik, sosial problemlər var və bu səbəbdən hər kəs kimi onların da işləməyə, aylıq əmək haqqına ehtiyacları var. Amma, gəlin qəbul edək ki, onların attestasiyadan keçməməsində günahkar (daha doğrusu səbəbkar) özləridir, yəni, imtahanda onlara haqsızlıq olunmayıb...

Məlumdur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, 3 ay əvvəldən attestasiya proqramı hamıya təqdim olunub. Zəhmət çəkib hazırlaşmalı idilər.
Və əgər attestasiyadan keçə bilməyiblərsə, bu, dünyanın sonu deyil, yenə də aidiyyatı üzrə təlimlərə və ya ixtisaslaşdırmaya qatılaraq yenidən imtahandan keçmək və işə bərpa olmaq şansları vardır.
Gələk digər bir məsələyə. Bölgələrdə bəzi musiqi məktəbləri bağlanıb və ya birləşdirilib, çünki o məktəblərdə şagird azdır. Bu arada qeyd edim ki, proseslərin başlanması və davamında mənə də müraciətlər oldu. Bir neçə valideyn mənimlə əlaqə yaradaraq, övladının məktəbdən (Musiqi məktəbindən) qovulduğunu və bərpa olunması üçün ona kömək etməyimi xahiş etdi. Mən onlardan soruşdum ki, səbəb nə olub? Dedilər: “uşaq məktəbə getmirdi, hazırlığa gedirdi, vaxt qalmırdı, filan...” Sual yaranır: Əgər şagird məkləbə getmirsə müəllim kimə dərs keçir? Deməli, dolayısı yolla müəllim də işləmir. Belə olan halda məktəbin bağlanması və ya digər məktəblə birləşdirilməsi labüd deyilmi?
Maraqlıdır ki, bu mövzuda məlumatlı olan da, olmayan da müzakirələrə qoşulur və sanki başqa problem yoxmuş kimi gündəmi zəbt edirlər.
Ümid edirəm ki, məsələ tezliklə aydınlaşacaqdır.
Adilə Nəzərova
"Kitab Evi" İctimai Birliyinin sədri