Xəyalə Mütəllimova: “Reklam və marketinq işləri yalnız Bakıya həsr olunmamalıdır”
“Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Xəyalə Mütəllimova QHT.az-a açıqlamasında bildirib ki, reklam və marketinq sahəsindəki işlərin təsiri yalnız paytaxtla məhdudlaşmamalıdır.
O, sahibkarların çox zaman yalnız Bakını hədəf almasını təəssüf edici bir reallıq olaraq qeyd edib. Bununla belə, Xəyalə Mütəllimova rayonlarda da bu sahənin inkişafına böyük ehtiyac olduğunu vurğulayıb: "Bakıdan kənara açılmaq, regionlara diqqət yetirmək həm gələcəkdəki yatırımlar üçün, həm də sektorun ümumi inkişafı üçün əhəmiyyətlidir."
O, həmçinin qeyd edib ki, ölkə üzrə müxtəlif layihələr dövlət və özəl sektor tərəfindən dəstəklənir, amma reklam və marketinq sahəsinin də xüsusi diqqət tələb etdiyini bildirib. Bakıdakı fəaliyyətlərin "Marketinq 6.0" istiqamətində irəlilədiyi bir dövrdə, rayonların da bu sahədə geridə qalmaması vacibdir. Xəyalə Mütəllimova gənclərin bu sahəyə böyük maraq göstərdiyini və onların rolu ilə bölgələrdəki reklam və marketinq işlərinin inkişafını təmin etməyi planlaşdırdıqlarını da vurğulayıb. İctimai birliyin ötən il Gəncə və Lənkəranda keçirdiyi "Marketinq sahəsi üzrə savadlılığın artırılması" layihəsinin bu istiqamətdə atılmış müsbət bir addım olduğunu qeyd edən sədr, gələcəkdə daha çox regional layihənin həyata keçirilməsinin vacibliyini bildirib.
Pərvanə Fərhadqızı