Xəbərlər 04.04.2025 11:52 266

"Ölkəmizdə kasetli silahlar probleminə dair təhqiqat aparılacaq" - Hafiz Səfixanov

2025-ci ildə maliyyələşdirilən yeni layihə çərçivəsində "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində istifadə olunmuş kasetli silahlarla bağlı ilk təhqiqatı aparacaq.

Təşkilatın sədri Hafiz Səfixanov QHT.az-a verdiyi açıqlamada layihənin məqsədini və əhəmiyyətini vurğulayıb. QHT sədri bildirib ki, Azərbaycanın müharibələrində, xüsusən 1-ci Qarabağ müharibəsi, 2016-cı il Aprel döyüşləri və Vətən müharibəsi zamanı kasetli silahların istifadə edildiyi məlumdur. Lakin bu silahların hansı növlərinin istifadə edildiyi, çirklənmə səviyyəsi və qurbanların sayı barədə heç bir məlumat yoxdur. Yeni layihə bu məlumatları toplayaraq, kasetli silahların fəsadları haqqında beynəlxalq icmaya ətraflı hesabat təqdim edəcək.

“Bu layihənin əsas məqsədi, Azərbaycanda ilk dəfə olaraq kasetli silahlar problemi barədə təhqiqatın aparılması və hesabatın hazırlanmasıdır. Hesabatda kasetli silahlardan istifadənin çirklənmə səviyyəsi, konkret qurbanların müəyyən edilməsi və Azərbaycanın bu silahların yaratdığı fəsadlarla mübarizəsi barədə məlumatlar yer alacaq. Bu, beynəlxalq ictimaiyyət üçün vacib bir məlumat mənbəyi olacaq”, - deyə Hafiz Səfixanov bildirib.

Həmin hesabatda 2023-cü ildə dünya üzrə aparılmış təhqiqatın nəticələrinə də diqqət yetiriləcək. Təhlillər göstərir ki, kasetli silahlardan qurban olanların 93%-i mülki şəxslərdir. QHT sədri layihə çərçivəsində müvafiq hökumət strukturları və vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq edəcəklərini də vurğulayıb. “Bütün layihələrin icrası zamanı ölkədə fəaliyyət göstərən KİV ilə çox yaxşı əməkdaşlıq əlaqələri qurmuşuq. TV-lər, xəbər saytları və informasiya agentlikləri ilə mütamadi olaraq əlaqə saxlayırıq və bu layihə müddətində də bu əməkdaşlıq davam edəcək”, - o qeyd edib.

Təşkilatın rəhbəri layihənin maliyyələşdirilməsində və mina problemlərinin aradan qaldırılması istiqamətindəki dəstəyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib və bu problemlərin həllinə diqqətin davam etdiriləcəyinə inandığını bildirib.

 

Pərvanə Fərhadqızı

QHt.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı