Xəbərlər 17.03.2025 12:40 280

Müqamət Əliyev: "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir"

Gənc Vətənpərvərlər İctimai Birliyin Sədri, ictimai xadim və karate-do üzrə Azərbaycan fəxri bədən tərbiyəsi və idman işçisi Müqamət Süleyman oğlu Əliyev (Muğan) 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qərarını böyük əhəmiyyət kəsb edən bir addım olaraq qiymətləndirib.

Bu il həmçinin, müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində əldə edilən tarixi Zəfərin 5-ci ildönümüdür. Müqamət Əliyev bu sərəncamın dövlətçilik tariximizin dərindən öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb:

"Ərazi, əhali və siyasi hakimiyyət kimi əsas atributları özündə ehtiva edən hər hansı siyasi varlığın dövlət olması üçün suverenlik və müstəqillik xüsusiyyətinə malik olması vacib şərtdir. Azərbaycana münasibətdə qeyd edilməlidir ki, 1969-cu ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə ölkənin intibah dövrünə qədəm qoyması belə fundament rolunu oynadı. Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyini qazanmaqda və dövlətçiliyi gücləndirməkdə müstəsna xidmətləri var".

Müqamət Əliyev həmçinin, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə müstəqil dövlətin qurulmasına başlayan əsas addımları vurğulayıb. Xüsusilə, 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyanın dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz rol oynadığını qeyd edib:

"Münaqişə dövründə Ermənistanın təxribatlarına qarşı uğurlu mübarizələr, həmçinin, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərinin suveren dövlət anlayışının təcəssümü olaraq qiymətləndirilib. 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən zəfər həm də hüquqi və siyasi baxımdan Azərbaycanın suverenliyinin möhkəmlənməsinə səbəb olub. Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi, dövlətimizin hüquqi və suverenlik prinsiplərinin inkişafını gücləndirmək məqsədini daşıyır. Bu qərarı ölkənin gələcəyində böyük əhəmiyyət kəsb edir və Azərbaycan xalqının hüquqi dövlət quruculuğu yolunda irəliləməsinə mühüm töhfələr verəcək".

QHT sədri bu il ərzində həyata keçiriləcək genişmiqyaslı islahatların, həmçinin, Azərbaycanın suverenliyinin və hüquqi dəyərlərinin təbliği baxımından tarixi bir addım olduğunu qeyd edərək, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” olaraq daha da əhəmiyyət kəsb edəcəyini bildirib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı