Xəbərlər 17.03.2025 01:12 475

116 111- UŞAQ QAYNAR XƏTT XIDMƏTININ ÇAĞIRIŞI

Sosial mediadan gələn görünməz təhlükə: Challenge-lər ölümlə nəticələnə bilər.

Sosial media, qloballaşan dünyanın ən güclü vasitələrindən biri olmaqla yanaşı, insanlara ünsiyyət qurmaq, məlumat əldə etmək və gündəlik həyatlarını paylaşmaq imkanı yaradan virtual bir məkana çevrilmişdir. Zaman keçdikcə bu platformalar yalnız bir ünsiyyət vasitəsi olmaqla kifayətlənməyərək, eyni zamanda fərdlərin özlərini ifadə etməsinə, müxtəlif cəmiyyətlərə qoşulmasına və fərqli sosial trendlərlə tanış olmasına şərait yaratmışdır. Xüsusilə Azərbaycanda məktəblərdə olan şagirdlər arasında sürətlə davam edən məşhurlaşmaq istəyi və sosial mediada tanınmaq arzusu bu təhlükənin daha da artmasına səbəb olur. Yeniyetmələr və gənclər sosial platformalarda daha çox diqqət çəkmək üçün riskli davranışlara meyilli ola bilər və bəzən sosial qəbul olunmaq üçün təhlükəli challenge-lərə qoşulurlar. Bu isə onların psixoloji və fiziki sağlamlığına ciddi təhlükə yaradır. Son illərdə populyarlaşan və sosial mediada sürətlə yayılan "challenge" (çağırış) adlanan trendlər, bəzən iştirakçılar üçün son dərəcə təhlükəli nəticələr doğura bilir, çünki onların bəziləri ciddi sağlamlıq problemlərinə səbəb olmaqla yanaşı, hətta bəzi hallarda insan həyatına son qoyacaq qədər təhlükəli ola bilər.

 

Challenge-lərin sürətlə yayılmasının səbəbləri

Sosial media platformalarının inkişafı və onların istifadəçilərin davranışlarına uyğunlaşan alqoritmləri, müxtəlif məzmunların sürətlə yayılmasını təmin edir və bir məzmunun nə qədər çox izlənildiyi, paylaşıldığı və bəyənildiyi nəzərə alınaraq, həmin məzmun daha geniş auditoriyaya təqdim olunur. Bu mexanizm, əyləncəli və faydalı məzmunların yayılmasını təmin etdiyi kimi, bəzi hallarda təhlükəli və ciddi risklər doğuran challenge-lərin də sürətlə populyarlaşmasına səbəb olur. Yeniyetmələr və gənclər arasında sosial qəbul olunmaq, diqqət mərkəzində olmaq və ətrafdakı insanların rəğbətini qazanmaq kimi təbii istəklər mövcuddur ki, bu da onları sosial mediada trend olan müxtəlif çağırışlara qoşulmağa həvəsləndirir. Onlar özlərini sübut etmək, sosial mühitdə daha çox qəbul olunmaq və populyarlıq qazanmaq məqsədilə düşünmədən riskli hərəkətlər edirlər ki, bu da bir çox hallarda ciddi fəsadlarla nəticələnir.

Xüsusilə bəzi challenge-lər var ki, onların təhlükəsi ilk baxışda açıq-aşkar görünməsə də, zamanla iştirakçılar üçün ciddi sağlamlıq problemləri yarada bilər. Məsələn, "Cinnamon Challenge" (darçın udmaq) çağırışında iştirakçılar bir qaşıq dolusu darçını udmağa çalışırlar ki, bu da nəfəs yollarının tıxanmasına, boğulmaya və hətta ağciyərlərə zərər verəcək ağır tənəffüs problemlərinə səbəb ola bilər. Bundan daha təhlükəli olan "Blackout Challenge" (boğulma çağırışı) isə iştirakçıların qısa müddət ərzində nəfəs almağı dayandırması ilə bağlıdır və bu çağırış nəticəsində artıq bir çox yeniyetmə dünyasını dəyişmişdir. Bu cür çağırışların sosial media vasitəsilə sürətlə yayılması və daha geniş kütləyə çatması, onların qarşısının alınmasını çətinləşdirir və təhlükənin miqyasını daha da artırır.

Yeniyetmələrin psixoloji ehtiyacları və riskli davranışlar

Yeniyetməlik dövrü, insanın psixoloji və emosional inkişafında mühüm bir mərhələ olduğu üçün bu yaş dövründə olan fərdlər özlərini tanımaq, şəxsiyyətlərini formalaşdırmaq və sosial mühitdə qəbul olunmaq üçün müxtəlif yollar axtarırlar. Onların özünəinam hissi, ətraf mühitdən və sosial təsirlərdən asılı olaraq dəyişir və onlar bəzən öz dəyərini sübut etmək üçün düşünmədən təhlükəli davranışlara əl atırlar. Sosial media isə bu prosesi daha da sürətləndirir və gənclərin diqqət mərkəzində olmaq ehtiyacını daha da artırır. Əgər bir yeniyetmə real həyatda kifayət qədər dəyərli hiss etmirsə və ya sosial mühitdə təcrid olunursa, o zaman sosial mediada daha çox görünmək və tanınmaq üçün təhlükəli challenge-lərə qoşulmağa meyilli olur.

Məşhur sosial media influencerlərinin və blogerlərin bu challenge-ləri dəstəkləməsi və onların təhlükəsiz olduğunu iddia etməsi də yeniyetmələrin bu çağırışlara qoşulmaq ehtimalını artırır. Yeniyetmələr özlərini bu təsir altında hiss edərək, düşünmədən və riskləri dəyərləndirmədən təhlükəli challenge-lərə qoşulur, nəticədə isə gözlənilməz fəsadlarla qarşılaşırlar.

 

Təhlükəli challenge-lərin qarşısını necə almaq olar?

Bu cür təhlükəli çağırışlarla mübarizə aparmaq üçün həm fərdi, həm də cəmiyyət səviyyəsində ciddi tədbirlər görülməlidir. İlk növbədə, valideynlər və müəllimlər yeniyetmələrin sosial media istifadəsini diqqətlə izləməli və onlarla açıq ünsiyyət qurmalıdırlar. Gənclərə sosial mediada yayılan məzmunların həmişə real və zərərsiz olmadığını, bəzi challenge-lərin onların sağlamlığına və həyatına təhlükə yarada biləcəyini izah etmək vacibdir. Eyni zamanda, gənclərin emosional ehtiyaclarını qarşılayacaq və onları sağlam fəaliyyətlərə yönləndirəcək sosial və idman proqramları təşkil olunmalıdır.

Bundan əlavə, sosial media platformaları təhlükəli challenge-lərin yayılmasının qarşısını almaq üçün daha ciddi tədbirlər görməlidirlər. Süni intellekt texnologiyalarından istifadə edərək təhlükəli məzmunları avtomatik müəyyənləşdirən və onları məhdudlaşdıran sistemlər tətbiq edilməlidir. Həmçinin, dövlət və qeyri-hökumət təşkilatları sosial media təhlükələri ilə bağlı maarifləndirmə kampaniyaları apararaq gəncləri və valideynləri bu mövzularda məlumatlandırmalıdırlar.

 

Uşaq Qaynar Xətti

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı