Xəbərlər 04.03.2025 16:35 201

"Biz hər zaman səssizliyin səsi olmaq üçün varıq!" - Cəmilə Çingizqızı ilə MÜSAHİBƏ

Texnologiyanın sürətli inkişafı cəmiyyətin bütün üzvlərinə müxtəlif imkanlar yaradır. Bu inkişaf, xüsusilə eşitmə və nitq məhdudiyyəti olan şəxslərin həyatına mühüm təsir göstərir. Smartfonlardan tutmuş süni intellekt əsaslı innovasiyalara qədər bir çox yeniliklər bu kateqoriyadan olan insanların sosiallaşmasını və informasiya əldə etməsini asanlaşdırır.

QHT.az “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı ilə texnologiyanın bu sahəyə təsiri, süni intellektin və yeni tibbi innovasiyaların perspektivləri, eləcə də təşkilatın gördüyü işlər barədə MÜSAHİBƏ alıb.

 

QHT.az: Son illərdə texnologiyanın inkişafı eşitmə və nitq məhdudiyyətli şəxslərin həyatına necə təsir edib?

Cəmilə Çingizqızı: Son illərdə texnologiyanın inkişafı eşitmə və nitq məhdudiyyətli şəxslərin həyatını xeyli asanlaşdırıb. Belə ki, smartfonlar, eşitmə aparatları insanlara ünsiyyət qurmaqda kömək edir. Məsələn, sosial mediada məlumatlandırıcı videoların İşarət dili tərcüməsi edilməsi, WhatsApp üzərindən görüntülü danışıqlar və titrəşimli xəbərdaredici cihazlar onların gündəlik həyatını rahatlaşdırır. Bu da eşitmə məhdudiyyəti olan insanların daha çox məlumat almasına və sosiallaşmasına imkan yaradır.

 

QHT.az: Süni intellekt və yeni tibbi innovasiyalar bu kateqoriyadan olan insanların ünsiyyət imkanlarını və sosial inteqrasiyasını yaxşılaşdırmaq baxımından hansı yeniliklər vəd edir?

Cəmilə Çingizqızı: Süni intellekt və təbii ki, yeni tibbi innovasiyalar eşitmə və nitq məhdudiyyətli insanların ünsiyyət imkanlarını daha da genişləndirir. Amma biz səbirsizliklə gözləyirik ki, süni intellekt elə bir proqram yaratsın ki, işarə dilini yazıya, danışığa və əksinə çevirmək mümkün olsun. Bu proqram işlənilib, lakin hələ ki, özünü doğruldmayıb. İnanırıq ki, yaxın gələcəkdə bu proqram daha innovativ icad olunar və eşitmə məhdudiyyətli şəxslər üçün yeni ünsiyyət yolları açılar.

 

QHT.az: Sizin təşkilat bu istiqamətdə hansı maarifləndirmə və dəstək layihələrini həyata keçirir?

Cəmilə Çingizqızı: Bizim təşkilat eşitmə məhdudiyyətli şəxslərin informasiya əldə etməsini asanlaşdırmaq üçün müxtəlif maarifləndirmə və dəstək layihələri həyata keçirir. Bu istiqamətdə əsas fəaliyyətlərimizdən biri dövlət və özəl sektorda olan məlumatlandırıcı videoları və mətnləri işarə dilinə tərcümə etməkdir. Eşitmə məhdudiyyəti olan şəxsləri düşünən sektorlar bizə müraciət edir və biz də vacib məlumatların bu kateqoriyadan olan insanlara daha əlçatan olmasını təmin edirik. Biz hər zaman “Səssizliyin səsi olmaq üçün varıq!”

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı