"... QHT-lərin fəaliyyəti daha çox dəyərləndirilməlidir" – Sevinc Orucova
Bu gün dünyada Beynəlxalq QHT Günü qeyd olunur. "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova QHT.az-a açıqlamasında bu tarixin xüsusi əhəmiyyət daşıdığını bildirib.
O, qeyd edib ki, Azərbaycanın ictimai və siyasi həyatında, eləcə də sosial sahədə QHT-lər mühüm layihələrə imza atıblar. Sevinc Orucova vurğulayıb ki, QHT-lər vətəndaşlarla dövlət orqanları arasında səmərəli əməkdaşlıq modelinin formalaşdırılmasında mühüm rol oynayır:
"Bu gün bütün dünyada Beynəlxalq QHT Günü qeyd olunur. Mən xüsusilə vurğulamaq istəyirəm ki, bu gün bizim üçün çox önəmlidir. Qeyri-Hökumət Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq bu tarixin bizim təşkilat üçün də xüsusi əhəmiyyəti var. Biz, QHT olaraq, Azərbaycanın ictimai və siyasi həyatında, eləcə də sosial sahədə böyük layihələrə imza atmışıq. Eyni zamanda, ölkəmizin ictimai həyatında aktiv fəaliyyət göstərən digər təşkilatlarla birlikdə vətəndaşlarla dövlət orqanları arasında səmərəli əməkdaşlıq modelini formalaşdırmağa nail olmuşuq. Bu model Azərbaycan vətəndaşları üçün hökumət orqanlarına əlçatanlığı asanlaşdırmaqla yanaşı, qanunların izahı, insanlara lazımi dəstəyin göstərilməsi və dövlətlə vətəndaş arasında ictimai körpünün qurulmasına mühüm töhfə verib".
44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə QHT-lərin mühüm fəaliyyətindən danışan Sevinc Orucova onların informasiya müharibəsində, sosial layihələrin icrasında və beynəlxalq arenada ölkəmizin maraqlarının qorunmasında fəal iştirak etdiyini bildirib.
"Son illərin qəhrəmanlıq tarixinə – Zəfər tarixinə nəzər yetirdikdə, QHT-lərin 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə mühüm rol oynadığının şahidi oluruq. QHT-lər Ordumuzun yanında olaraq, mediada, sosial şəbəkələrdə və hətta döyüş meydanında aktiv fəaliyyət göstəriblər. Bununla yanaşı, beynəlxalq mediada Azərbaycana qarşı məqsədyönlü şəkildə yayımlanan təxribat xarakterli materialların qarşısının alınmasında da QHT-lərin böyük rolu olub. Xüsusilə Xankəndi, Şuşa və Laçın istiqamətində həyata keçirilən ekoloji aksiyalarda, həmçinin 2024-cü ildə Azərbaycanda keçirilən COP29 iqlim konfransında QHT-lərin fəal iştirakı bu sektorun əhəmiyyətini bir daha nümayiş etdirdi. Düşünürəm ki, biz QHT-lər olaraq daha böyük hədəflər uğrunda çalışmalı, daha genişmiqyaslı missiyalar yerinə yetirməliyik. Azərbaycanda insan hüquqlarının müdafiəsi, vətəndaşların dövlət orqanlarına müraciət imkanlarının genişləndirilməsi, onların problemlərinin daha operativ həll olunması istiqamətində fəaliyyətimizi gücləndirməliyik. Bu prosesdə dövlət orqanlarının yükünün azaldılmasında QHT-lərin rolu əvəzsizdir. Müxtəlif sosial və ictimai layihələrin QHT-lər tərəfindən həyata keçirilməsi həm cəmiyyətin rifahına, həm də dövlət strukturlarının səmərəliliyinin artırılmasına xidmət edəcək. QHT-lərin cəmiyyət üçün nə qədər böyük işlər görə biləcəyini nəzərə alsaq, onların fəaliyyəti daha çox dəyərləndirilməlidir. Azərbaycanda artıq formalaşmış və ənənəyə çevrilmiş QHT sektoru var və biz bunun şahidiyik. Müstəqilliyimizin 30 illik tarixi ərzində QHT-lər böyük inkişaf yolu keçib və əminəm ki, gələcəkdə daha güclü, daha şəffaf və daha təsirli şəkildə fəaliyyət göstərəcəyik. Eyni zamanda, biz regionda və türkdilli ölkələr coğrafiyasında daha böyük layihələr icra etməyə nail olmalıyıq".
Sonda QHT sədri Azərbaycanda fəaliyyət göstərən bütün QHT-lərə uğurlar arzulayıb və birgə fəaliyyətin ölkənin inkişafına mühüm töhfə verəcəyinə inandığını qeyd edib.
Pərvanə Fərhadqızı
QHT.az