Kəmalə Aşumova: “Məktəb həyatında mədəni ənənələrin bərpası vacibdir”
"Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri Kəmalə Aşumova məktəblilərin mədəni həyata cəlb olunmasının əhəmiyyətindən danışıb.
O bildirib ki, əvvəllər şagirdlər mütəmadi olaraq teatr tamaşaları, konsertlər və digər mədəni tədbirlərdə iştirak edirdilər və bu, onların mənəvi inkişafına, sosial adaptasiyasına müsbət təsir göstərirdi. Lakin bu gün belə ənənələrin demək olar ki, unudulduğunu təəssüflə qeyd edib. QHT sədri bu problemin yalnız təhsil sistemində deyil, eyni zamanda valideynlərin seçimlərində də olduğunu vurğulayıb: “Fastfud mərkəzlərinə, ticarət obyektlərinə üstünlük verilir, teatra, muzeyə getmək isə ikinci plana keçib. Halbuki əsl zövq, diqqət və hiss qabiliyyəti bu səylərlə formalaşır.”
Onun fikrincə, məktəblərlə mədəniyyət müəssisələri arasında əməkdaşlıq istisna yox, norma olmalıdır: “Tamaşalara, ekskursiyalara güzəştli biletlərin təşkili, valideynlərin də bu prosesə cəlb olunması tərbiyəvi baxımdan olduqca mühümdür.”
Kəmalə Aşumova eyni zamanda bəzi kütləvi tədbirlərdəki keyfiyyətsiz və zövqsüz təqdimatlara diqqət çəkərək, uşaqlar üçün nəzərdə tutulan tədbirlərin məzmununa ciddi nəzarətin vacibliyini vurğulayıb.
“Biz təkcə ənənələri qaytarmamalıyıq, onları mənalı məzmun və məsuliyyətlə zənginləşdirməliyik. Bu, uşaqlarımız və gələcəyimiz qarşısında ümumi borcumuzdur,” – deyə Kəmalə Aşumova sonda bildirib.
Pərvanə Fərhadqızı