COP29 QHT Koalisiyası genişlənərək Qlobal Cənub QHT Platformasına çevrilir
Bu gün özündə 100-ə yaxın ölkədən 500-dən çox QHT-ni birləşdirən COP29 QHT Koalisiyası “Urbanizasiya proseslərinə iqlim dəyişmələrinin təsiri” mövzusunda hibrid görüş keçirib.
Koalisiya 2024-cü ildə Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılıb. Forumun İdarə Heyətinin sədri Ramil İskəndərlinin moderatorluğu ilə keçirilən görüşdə “Afrihealth Optonet Assosciation”un rəhbəri Dr. Uzodinma Adireye təqdimatla çıxış edib.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov COP29 mirasına toxunublar.
Müzakirələrdə 2026-cı ildə Azərbaycanın 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) da uğurla evsahibliyi edəcəyinə əminlik ifadə olunub. Koalisiya üzvlərinə məlumat verilib ki, 2025-ci ilin aprelində Azərbaycanda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək. COP29 QHT Koalisiyasının üzvləri qarşıdakı dövrdə Qlobal Cənub QHT Platformasının tərkibində fəaliyyəti davam etdirmək, əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək arzusunda olduqlarını bildiriblər.
Müzakirələrdə bu prosesdə Azərbaycan Milli QHT Forumunun səyləri yüksək qiymətləndirilib.