Xəbərlər 17.02.2025 08:09 173

Təkamül və ekoloji balans arasında risklər: QHT sədri xəbərdarlıq edir

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında son illərdə bir sıra ölkələrdə, xüsusilə ABŞ və İsraildə aparılan elmi araşdırmaların təkamülün strukturlaşdırılması istiqamətində olduğunu vurğulayıb.

O qeyd edib ki, təkamülçülük ilk olaraq biologiya elmi çərçivəsində formalaşıb və XIX əsrin əvvəllərində Lamark və Erazm Darvin tərəfindən ilkin ideyaları irəli sürülüb. Daha sonra Çarlz Robert Darvinin araşdırmaları bu sahəyə fundamental elmi əsaslar gətirib. İradə Həsənovanın sözlərinə görə, bioloji təkamül ideyaları tədricən ictimai elmlərə də təsir göstərib və inkişaf anlayışı bütün cəmiyyətlərdə sadədən mürəkkəbə, ibtidaidən aliyə doğru yönələn bir proses kimi qəbul edilir:

"Onların apardıqları əsas elmi araşdırmalar təkamülün biogenetik qanunu və onun ətraf mühitlə uzlaşmasıdır. Belə ki, onların apardıqları elmi araşdırmalar qeyri-canlı materialların təşəkkülü nəticəsində sadə canlı sistemin yaradılmasından ibarətdir. Onların elmi tədqiqatları ilə bağlı demək olmaz ki, bu tədqiqatlar müsbət nəticə verəcəkdir. Məhz bu eksperimentlərin nəticəsində ilk dəfə olaraq atmosferdə süni yolla molekullar yaradıldı, lakin dayanıqlı olmayaraq yağışla birgə okeana düşdü. Alimlərin elmi təcrübələri əsasında kimyəvi yolla ilk hüceyrələrin yaranması dayanır. Həmin yeni yaradılan ilkin hüceyrələri yeni həyatın başlanğıcı kimi qəbul edənlər də var idi". 

QHT sədri həmçinin bildirib ki, ABŞ-İsrail alimləri bu sınaqları əsasən Yerdə apardıqlarına baxmayaraq, gələcəkdə həmin təcrübəni digər, yəni planetimizdən kənarda keçirməyi planlaşdırırlar. Onun sözlərinə görə, bu istiqamətdə aparılan elmi araşdırmaların başlıca məqsədi həmin hüceyrələrin sonradan canlı varlıqlara çevrilməsini və onların inkişafını müasir dövrdə stimullaşdırmaqdan ibarətdir:

"Nəzərə alsaq ki, insan və heyvan hüceyrələrinin daxili tərkibi demək olar ki, eynidir, bu halda genetik oxşarlıq alimlərin bu istiqamətdə apardıqları elmi təcrübələrə təkan verəcəkdir. Hələlik bu istiqamətlərdə yalnız elmi araşdırmalar və tədqiqatlar aparılır. Konkret nəticəni isə zaman göstərəcəkdir. Alimlərin bu istiqamətdə apardıqları elmi araşdırmaların sivilizasiyaya və ətraf mühitə təsirləri haqqında heç nə deyilmir. Lakin buradan belə nəticəyə gəlmək olar ki, ekoloji disbalansın pozulmasına təsir edən belə eksperimentləri keçirmək düzgün sayılmır. Bizi əhatə edən təbiət, ətraf mühit və canlılar aləmi olduğu kimi qalmalıdır".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı