Eyyub Kərimli: "Minimum əməkhaqqı və pensiyaların artımı qiymət artımına səbəb olmayacaq"
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli QHT.az-a özəl açıqlamasında minimum əməkhaqqı və pensiyaların artımının inflyasiyaya təsiri barədə fikirlərini bölüşüb. O, bildirib ki, hər hansı bir artım, müəyyən tələbat yaratmaqla bəzi hallarda qiymət artımına səbəb ola bilər, amma bu, mütləq olmayacaq. QHT sədri minimal pensiyanın yalnız 60-70 min insanı əhatə etdiyini və minimum əməkhaqqının artımının da geniş əhaliyə təsir etmədiyini vurğuladı:
"Minimum əmək haqqının artması çox adamı əhatə etməyib. 350 manat minimum əmək haqqı alan adamların sayına təsir edəcəkdir və bu baxımdan sözsüz əhəmiyyətli qiymət artımından danışmaq olmaz. Digər tərəfdən də özəl sektorun yükünün artırılması ilə bağlı bu gün özəl sektorda da minimum əmək haqqı ilə çalışan adamlar hesab edirəm çox deyil. Ölkənin əmək qabiliyyətli əhalinin belə yarısı özəl sektorda çalışır və bu yarısının xeyli hissəsi yüksək məvacib alır. Həm orta əmək haqqı, həm bdə yüksəkdir və bu baxımdan minimum əməkhaqqı alan belə hesab edirəm ki, özəl sektorda bir o qədər adam deyil və bu da çox böyük sahibkarlara təsir etməyəcək. Bəzi mikro sahibkarlara və kiçik sahibkarlara müəyyən təsirləri ola bilər. Amma ümumilikdə özəl sektorda əməkhaqqının artırılması, sözsüz ki, belə deyək, özəl sektor daha peşəkar kadrların daha cəlb olunmasına təsir göstərə bilər. Bu iş imkanlarını, iş prinsiplərini daha da genişləndirə və ümumi inkişafına səbəb ola bilər. Fiskal tədbirlərlə bağlı hesab edirəm ki, tələb yarananda təklif də artır. Təklif artanda dövriyyə də artır, dövriyyə də artanda vergi ödəmələri artır və ümumilikdə büdcədaxilolmalarının həcminin artmasına öz təsirlərini göstərir".
Pərvanə Fərhadqızı