Elşad Məmmədov: "Minimum əməkhaqqı və pensiyaların artımının inflyasiyaya təsiri gözlənilmir"
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı yeni sərəncamla minimum əməkhaqqı və pensiyalar artırılır. Gələn aydan minimum əməkhaqqı 345 manatdan 400 manata, pensiya isə 280 manatdan 320 manata yüksələcək. Artımlar həm dövlət, həm də özəl sektorda tətbiq ediləcək.
QHT.az olaraq bu mühüm dəyişiklikləri təhlil edərkən, minimum əməkhaqqı və pensiyaların artımının inflyasiyaya təsir edib-etməyəcəyini müzakirə etdik. İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az -a özəl açıqlamasında bu məsələyə aydınlıq gətirdi. Professor Azərbaycandakı inflyasiyanın əsasən təklif inflyasiyası olduğunu və bu səbəbdən minimum əməkhaqqı və pensiyaların artımının inflyasiyaya təsir etməyəcəyini qeyd etdi:
"Minimum əmək haqlarının və pensiyaların artımının inflyasiyaya təsirləri zənnimcə, gözlənilmir. Çünki Azərbaycandakı inflyasiya pul kütləsinin artımı ilə bağlı olan inflyasiya deyil. Azərbaycanda təklif inflyasiyası, yəni xərclərin istehsal prosesi zamanı baha olması ilə bağlı olan inflyasiya müşahidə edilir. Ona görə də burada söhbət minimum əmək haqları ilə pensiyalarla bağlı olan artım inflyasiyaya hansısa təsirlərindən getmir. Sadəcə olaraq, son nəticədə istənilən halda pulun iqtisadiyyatda artması, pul həcminin artması ilə paralel investisiyalarda, yəni istehsala yönəlik proseslər də həyata keçirilməlidir. Ona görə də mən düşünürəm ki, burada əsas məqamlardan biri odur ki, pul, kredit siyasəti yumşalmalı investisiyaların həcmi də artırılmalıdır".
Pərvanə Fərhadqızı
QHT.az