Xəbərlər 06.12.2024 21:12 242

Elşad Məmmədov: "Yeni texnoloji quruluş formalaşır, prioritetlər müəyyənləşdirilməlidir"

Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov dünya iqtisadiyyatında baş verən yeniliklər, texnoloji inkişafların rolu və Azərbaycanın bu istiqamətdəki mövqeyi haqqında ətraflı məlumat verib.

QHT.az xəbər verir ki, professor bildirib ki, hazırda dünya iqtisadiyyatında yeni texnoloji quruluş formalaşmaqdadır və bunun əsas prioritetləri yüksək texnologiyalarla bağlıdır. Biotexnologiya, nanotexnologiya və digər sahələr bu istiqamətin əsasını təşkil edir. Azərbaycanın bu prosesdən geri qalmaması üçün daxili və xarici investisiyalar məqsədyönlü şəkildə yüksək texnoloji sahələrə yönləndirilməlidir. Bunun həm yeni iş yerləri yaradılması, həm də texnologiyaların idxalı baxımından ikiqat fayda verəcəyini qeyd edib.

 

İqtisadiyyatın cari problemləri və inflyasiya

Elşad Məmmədov inflyasiyanın ölçülməsi ilə bağlı metodoloji problemlərin mövcudluğunu vurğulayıb. Pandemiya dövründə və sonrakı illərdə pul kütləsinin artımı səbəbindən inflyasiya göstəricilərinin qeyri-sabit olması diqqətə çatdırılıb. O, xüsusilə dünya iqtisadiyyatının struktur problemlərinin həll olunmadığına görə inflyasiya ilə iqtisadi tənəzzül arasında balansın saxlanılmasının çətinliklərini vurğulayıb.

 

Azərbaycan iqtisadiyyatı və 2025-ci ilin perspektivləri

Professor Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi uğurları xüsusi qeyd edib. 2024-cü ildə milli iqtisadiyyatın artan dinamikasının qorunduğunu, ümumi icmal büdcənin 50 milyard manata yaxınlaşdığını və bunun 40 faizdən artıq hissəsinin insan kapitalına yönəldildiyini bildirib. Təhsil, səhiyyə və sosial dəstək sahələrinə ayrılan vəsaitlərin əhaliyə maddi dəstək olmaqla yanaşı, iqtisadiyyatın inkişafına təkan verdiyini vurğulayıb.

Elşad Məmmədov dövlətin sosial proqramlar çərçivəsində ünvanlı yardımların və məşğulluq proqramlarının artırılmasının vacibliyini önə çəkib. O, Azərbaycanın makroiqtisadi göstəricilərinin davamlı olaraq müsbət dinamikasını qoruyacağını və bu sahədə aparılan islahatların uğurla nəticələnəcəyini qeyd edib.

 

Qlobal iqtisadi problemlər və perspektivlər

Dünya iqtisadiyyatının hələ də ciddi struktur problemlərlə üzləşdiyini bildirən professor, Qərb ölkələrindəki iqtisadi çətinliklərin 2025-ci ildə dərinləşəcəyini proqnozlaşdırıb. Bunun əksinə olaraq, Cənub-Şərqi Asiyada istehsalın artması ilə bağlı müsbət dəyişikliklər gözlənilir. Elşad Məmmədov dünya iqtisadiyyatında optimal yanaşmaların formalaşmasının vacibliyini vurğulayıb.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı