“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi “Zəngəzur mahnısı”nı ərsəyə gətirib
“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi Qərbi Azərbaycan mövzusunda musiqi əsəri - “Zəngəzur mahnısı”nı ərsəyə gətirib.
QHT.az xəbər verir ki, layihənin donoru Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Musiqi əsəri üzərində peşəkar komanda çalışıb. İdeya müəllifi tanınmış vokal ifaçısı, Əməkdar artist Ramil Qasımovdur. “Zəngəzur mahnısı”nın sözlərini Şahin Musaoğlu yazıb, o, dillər əzbəri olan mahnılar müəllifidir. Layihədə səs rejissoru Əməkdar incəsənət xadimi Faiq Babayev, prodüser Riad Quliyevdir. Layihənin koordinatoru Fərqanə Cabbarovadır. Əsərin bəstəkarı tanınmış sənətkar, Əməkdar artist Vüqar Camalzadədir. Mahnının ruhuna uyğun olaraq, onu görkəmli sənətkarlar - Xalq artistləri - Mübariz Tağıyev, Tünzalə Ağayeva, Əməkdar artistlər - Aybəniz Haşımova, Samirə Əliyeva, Ehtiram Hüseynov, gənc ifaçı İlkin Dövlətov birlikdə ifa edib. Balaban zurnanı Fəqan Rəhmanoğlu dilləndirib.
“Zəngəzur mahnısı” mədəni-tarixi irsimizin təbliği, milli yaddaşın gücləndirilməsi və Azərbaycanın qarşıdakı milli hədəfinin incə, estetik dillə musiqidə ifadəsidir. Musiqi əsərinə Şərqi Zəngəzurda klip də çəkiləcək.
Qərbi Azərbaycana qayıdış kimi ülvi arzunu tərənnüm edən əsər “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin ilk işidir. Təşkilat bu mənalı və yüksək emosional yüklü musiqi əsərinin dinləyicilərin ruhunu oxşayacağına ümidvar olduğunu bildirib. Bu gündən isə əsəri Azərbaycan radiolarında dinləmək mümkün olacaq.