Xəbərlər 28.10.2024 13:54 1730

İltizam Yusifov: “Tarixi torpaqlarımıza qayıtmaq hüququmuzdan əl çəkməmişik”

Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin təşkil etdiyi "Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi" layihəsinin yekun tədbirində çıxışında doğma torpaqlara qayıtma hüququnun tarixi və hüquqi əsaslarını vurğulayıb. İ.Yusifov bildirib ki, hər bir insanın doğulduğu yerdə yaşamaq, səyahət etmək və öz hüquqlarını sərbəst şəkildə istifadə etmək haqqı vardır. Bu hüquq Cenevrə Konvensiyaları ilə beynəlxalq miqyasda tanınmış və insan hüquqları ilə bağlı əsas sənədlərdən biridir.

QHT.az xəbər verir ki, İltizam Yusifovun çıxışında Ermənistan tərəfindən Qərbi Azərbaycan torpaqları ilə bağlı mövqeyi qəti və əminliklə ifadə olunub. Deputat qeyd edib ki, tarixi torpaqlara qayıtmaq hüququmuzu heç bir şəraitdə unutmayacaq və ondan geri çəkilməyəcəyik: “Qərbi Azərbaycan torpaqları bizim ata-baba yurdumuzdur. Biz bu hüququmuzdan əl çəkməmişik və vaxt gələcək, Qərbi Azərbaycan torpaqlarımıza geri dönəcəyik.”

Milli Məclisin VI çağırış deputatı Ermənistanın mövqeyinin öz seçimləri olduğunu qeyd edərək, Azərbaycan xalqının öz hüquqlarını tələb etməkdə qətiyyətli olduğunu vurğulayıb. O, doğulduğumuz yerlərdə yaşamaq hüququnun fundamental bir insan haqqı olduğunu və heç bir təzyiqin bu haqların unutdurulmasına səbəb olmayacağını bildirib.

İltizam Yusifovun sözlərinə görə, bu məsələnin davamlı şəkildə beynəlxalq müstəvidə gündəmə gətirilməsi və Azərbaycanın öz hüquqlarını qorumaq istiqamətində atacağı addımlar tarixi ədalətin bərpası üçün önəmlidir. Yusifov əlavə edib ki, Azərbaycan xalqının birliyi və qətiyyəti ilə bu hədəfə çatacağımıza inam tamdır.

Qeyd edək ki, oktyabrın 24-də Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin yekun tədbiri keçirilib. Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan layihə çərçivəsində “qerbiazerbaycanirsi.az” (“westernazheritage.com”) elektron bazasının və “Danışır tarix” filminin təqdimatı olub.

 

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı