Xəbərlər 24.06.2024 13:51 1137

Tural Əliyev: Azərbaycan QHT-ləri yüksək təşəbbüskarlıq göstərir.

Bu gün Zəngilanda Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilir.

Forum Zəngilan Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə baş tutur. 

Forumda çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektoruna müdir Tural Əliyev  qeyd edib ki, bu gün cəmiyyət və dövlət həyatında elə bir prioritet sahə yoxdur ki, orada QHT-lər fəal olmasınlar. 

"Cənab Prezidentin müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı dünyaya ünvanlanmış mesajları böyük əks-səda yaradıb, bu gün Afrika və digər regionlarda Fransa zülmünə qarşı etiraz aksiyalarında Azərbaycan bayraqlarının qaldırılması bu xüsusda ölkəmizə olan rəğbət və hörməti aydın ifadə edir. 
Azərbaycan QHT-ləri də bu prosesdə fəal iştirak etməyə çalışır. Cəmi bir neçə ay öncə yaranmış “Bakı Təşəbbüs Qrupu” İctimai Birliyi müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı elan etdiyi qlobal mübarizə ilə dünyada nüfuzlu QHT-yə çevrilib. Müstəmləkəçilikdən əziyyət çəkən, hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin edə bilməyən xalqların nümayəndələri “Bakı Təşəbbüs Qrupu”na ümid yeri kimi baxır. Bu böyük uğura görə “Bakı Təşəbbüs Qrupu”nu alqışlamağa dəyər.
COP29 hazırda ən aktual mövzulardan biridir. Azərbaycan COP29 ölkəsi kimi iqlim dəyişmələri səbəbindən su altında qalmaq təhlükəsi ilə üzləşmiş kiçik ada dövlətlərinə qlobal dəstəyin təmin olunması üçün fəal iş aparır. Həm bu proses, həm də Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın “vaksin millətçiliyi”nə qarşı BMT səviyyəsində mübarizəsi İEOÖ-də Azərbaycana böyük maraq, məhəbbət yaradıb."


PA rəsmisi bildirb ki, Azərbaycan QHT-ləri bu prosesdə də yüksək təşəbbüskarlıq göstərir.

"Bu yaxınlarda Azərbaycan Milli QHT Forumu ilə 14 ölkədən olan QHT-lər COP29-la əlaqədar birgə bəyanat yayıb. Müşahidələrimiz göstərir ki, son bir neçə ay ərzində COP29-la əlaqədar ümumilikdə, 71 ölkədən 367 QHT və ictimai fəal müxtəlif birgə bəyanatlar verərək Azərbaycanın qlobal iqlim dəyişmələri ilə mübarizəsinə güclü dəstək ifadə edib. Bu, həm də Azərbaycan QHT-lərinin dünyaya açılmasının nəticəsidir. Bu 71 ölkədən 62-sinin İEOÖ-lər olması da diqqət çəkir. 
Yeri gəlmişkən, COP29 Təşkilat Komitəsi kimi nüfuzlu heyətdə dövlət qurumları ilə yanaşı, QHT təmsilçilərinin də təmsil olunması Azərbaycan dövlətinin QHT-lərin işinə və roluna mühüm yer verməsinin parlaq nümunəsidir.


Bu gün Azərbaycan QHT-ləri cəmiyyəti narahat edən demək olar ki, bütün məsələlərin həllində təşəbbüskarlıq göstərir. Bura minalar və partlamamış hərbi sursatlar, itkinlər, əsir və girovlar, onların taleyi, Qərbi Azərbaycanda xalqımızın məhv edilən maddi-mədəni irsi və digər aktual mövzular da daxildir. Biz Azərbaycan QHT-lərinin bu istiqamətlərdə ardıcıl bəyanatlarının, müxtəlif beynəlxalq tribunalarda məzmunlu çıxışlarının, fəal işinin şahidi oluruq.
Bu gün Azərbaycan QHT-ləri Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına qarşı mübarizədə sözün həqiqi mənasında, cəbhə açıb. Onlarla QHT-ni ətrafında birləşdirən “Environmental Protection First” Koalisiyasının bu işdə yüksək fəallığını müşahidə edirik. Koalisiya bu yaxınlarda Ermənistanın dağ-mədən sənayesinə dair 3 dildə peşəkar hazırlanmış xəritə də nəşr edib. Elə bu möhtəşəm Konqres Mərkəzi Oxçuçayın sahilində yerləşir. Oxçuçay Ermənistanın dağ-mədən sənayesinin zəhərli, kimyəvi tullantılarının qurbanlarından biridir. Azərbaycan QHT-ləri Ermənistanın dağ-mədən sənayesi müəssisələrində ekoloji monitorinqlər keçirməyi tələb edir. Hesab edirik ki, bu, haqlı və əsaslı tələbdir. 

Bu gün anti-Azərbaycan şəbəkəsinə qarşı mübarizədə milli QHT-lərimizin özlərini ictimai müqavimət mərkəzləri kimi aparması da sezilməyə bilməz. Bu yaxınlarda bəzi ABŞ konqresmenlərinə verilmiş cavab buna nümunə ola bilər.
Siyahını daha da uzatmaq da olar. Lakin faktdır ki, son dövrlər QHT sektorunda ciddi dönüş, kəmiyyətdən keyfiyyətə əsaslı keçid baş verib. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə QHT sektorunda dərinləşdirilən islahatların, yaradılan sağlam mühitin məntiqi nəticəsidir."

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı