BMT-nin Baş katibi dünya ictimaiyyətinə müraciət ünvanlayıb
BMT-nin Baş katibi Antonio Quterreş Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlayıb.
QHT.az həmin müraciəti Azərbaycan dilində sizə təqdim edirik:
Qadınlara qarşı zorakılıq qorxunc insan hüquqları pozuntusu, ictimai səhiyyə böhranı və dayanıqlı inkişafa əsas maneədir. Bu hal davamlıdır, geniş yayılıb və getdikcə pisləşir. Zorakılıq seksual qısnama və sui-istifadədən tutmuş qadın qətlinə qədər müxtəlif formalarda təzahür edir.
Bunlarının hamısının kökündə minillik patriarxal qaydalarla möhkəmlənmiş struktur ədalətsizliyi dayanır. Biz hələ də kişilərin üstünlüyünün qadınların ləyaqət və hüquq bərabərliyini inkar edərək onları həssas qrupa çevirdiyi bir mədəniyyətdə yaşayırıq. Bunun əvəzini hamımız ödəyirik: cəmiyyətlərimiz daha az dinc, iqtisadiyyatlarımız daha az firavan, dünyamız daha az ədalətlidir. Ancaq fərqli bir dünya qurmaq mümkündür. UNITE kampaniyasının builki mövzusu – “Qadınlara və Qızlara Qarşı Zorakılığın qarşısının alınmasına İnvestisiya” – hamımızı hərəkətə keçməyə çağırır.
Bütün sahələrdə qadın hüquqlarının müdafiəsini gücləndirən qanunvericilik və kompleks siyasətlərə dəstək verin. Zorakılığın qarşısının alınması üçün qadın hüquqları təşkilatlarına yönəlik dəstək və investisiyaları artırın. Zərərçəkmiş şəxsləri dinləyin və hər yerdə günahkarların cəzasız qalmasına son verin.
Qadın fəalların yanında olun və qərarların qəbulunun hər mərhələsində qadın liderliyini təşviq edin. Birlikdə ayağa qalxaq və səsimizi eşitdirək. Hər yerdə, istənilən formada qadına qarşı zorakılığa dözməkdən birdəfəlik imtina edən bir dünya quraq.
Pərvanə Fərhadqızı