Cəsarət Hüseynzadə: “Qarabağ Universiteti həm ehtiyacdan irəli gəlir, həm də dövlətin strateji xəttidir"
Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universiteti yaradılması ilə bağlı Sərəncam imzalayıb. Nazirlər Kabinetinə iki ay müddətində universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etmək, Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə QHT.az-a açıqlamasında bildirib ki, cənab Prezidentin bu Sərəncamı çox vacib bir addımdır. QHT sədri qeyd edib ki, təhsillə bağlı atılan addımlar kütləviliyi təmin edəcək: “Əhali Qarabağa qayıdır və yaxın ərazidə ali təhsil müəssisəsinin olması labüd şərtdir. Qarabağ Universiteti həm ehtiyacdan irəli gəlir, həm də dövlətin bir strateji xəttidir. Hesab edirəm ki, burada akademik təhsillə yanaşı kütləviliyin təmin olunması üçün müxtəlif ixtisasartırma təhsilin, müəyyən təlimlərin keçirilməsi üçün xüsusi resurs mərkəzlərinin yaradılması yaxşı olardı. Dövlət qurumları müxtəlif təlimlərini, ixtisasartırma tədris proqramlarını həmin Universitetdə keçirsə, onun rolunu daha çox artırar”.
QHT sədri həmçinin qeyd edib ki, sözsüz ki, Universitetdə çalışan müəllimlərə müxtəlif imtiyazlar veriləcək: "Çünki Qayıdış proqramında bu öz əksini tapıb. Məşğulluğun təmin olunması ilə bağlı dövlət tərəfindən xüsusi yardımlar olunur. Eyni zamanda hesab edirəm ki, orada təhsil alan tələbələrlə də bağlı xüsusi güzəştlər olmalıdır. Belə ki, əgər ödənişli təhsil olarsa, bu məsələdə güzəştlərin, həmçinin təqaüdlərin daha artıq olması vacib şərtlərdir ki, həmin Universitetə də maraq daha da artsın”.
Qeyd edək ki, Qarabağ Universitetinin yaradılması bölgəyə olan marağı artıracaq, yerli infrastrukturların inkişafına təkan verəcək, tələbələrinə yüksək keyfiyyətli təhsil təmin edərək bölgədə insan kapitalının formalaşmasına, yerli iqtisadiyyatın inkişafına kömək edəcək.
Pərvanə Fərhadqızı