“Müəllimə bu hadisədə həssas yanaşmalı və uşağın təhlükəsizliyinin təminini əsas hədəf götürməli idi” – Günel Səfərova
“90 saylı orta məktəbdə baş verən hadisə ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri olaraq araşdırma apardım. Bu gün adıçəkilən məktəbdə Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, psixoloq Səidə xanımın da iştirakı ilə məktəb rəhbəri ilə görüş keçirdik”.
QHT.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib. O, qeyd edib ki, hadisə baş verən sinifin sinif rəhbəri müəllimə Südabə Şükürova hal-hazırda səhhətində problem (hamilədir və iki ay sonra analıq məzuniyyətinə çıxacaq) yarandığı üçün onunla telefon əlaqəsi yarada bildik: “Müəllimənin qeyd etdiyi əsas məqamlar bunlardır: "Hadisə 7 noyabr tarixində Zəfər bayramına həsr olunmuş tədbirdən sonra sinif şagirdlərinin zalda şeirlərin deyilməsi və rəqsin edilməsi zamanı baş verib. Uşağın atası uşağın vəziyyəti ilə bağlı məlumatlandırılıb və xəsarətin miqyasının gözlə çox görünmədiyini düşünərək təcili tibbi yardıma müraciət etməyib. Uşağı ziyarət etmək istəsə də valideyn bunu qəbul etməyib"
Valideynlə dünən və bu gün telefon əlaqəsi yaratdım və Vüsalə xanımın məlumatına əsasən onun əsas şikayəti məktəb rəhbərliyinin və müəllimin etinasızlığı, uşağın zədə alması faktı ilə bağlı zamanında məlumatın verilməməsi və uşağın sonrakı vəziyyəti ilə bağlı maraqlanılmaması olmuşdur”.
Məktəb rəhbərliyinin hadisə ilə bağlı gec məlumatlandırıldığını qeyd edən Günel Səfərova bildirib ki, müəllimə bu hadisədə daha həssas yanaşmalı və uşağın təhlükəsizliyinin təminini əsas hədəf götürməli idi: “Eyni zamanda uşağın xəsarət alması ilə bağlı məlumatı təxirəsalmadan rəhbərliyə, valideynə və məktəbdəki tibbi personla bildirməli idi. Məktəb rəhbəri müəllimə inzibati tədbir görərək töhmət vermişdir. İstənilən hadisə zamanı əsas üstünlük uşağın rifahının və onun təhlükəsizliyinin təmini olmalıdır. Həm uşaq müəssisələri, həm də valideynlər uşaqlara təhlükəsizlik qaydalarını bir daha aşılamalıdır”.
İctimai Şuranın sədri media nümayəndələrinin, ictimai fəalların və sosial şəbəkə istifadəçilərinin məsələyə həssas yanaşmalarının təqdirəlayiq olduğunu və əminliklə məlumatların verilməsində uşaq mənafeyini əsas tutacaqlarını qeyd edib: “Nəzərə almalıyıq ki, bu məsələdə yanaşmamız problemin həlli olmalıdır və internet resurslarından istifadə edərkən uşaqlara gələcəkdə yarana biləcək travma və narahatlığa yol açan məqamlardan imtina etməliyik”.
Pərvanə Fərhadqızı