Xəbərlər 16.11.2023 18:23 7552

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə ilə müsahibə

İnjuria: Məhəmməd müəllim, ilk öncə sizə bizlərə öz dəyərli vaxtınızı ayırdığınız üçün təşəkkür edirik. Mən bilirəm ki, siz gərgin iş rejimində çalışırsınız. İlk öncə biz oxucularımıza sizin haqqınızda məlumat verməliyik. Zəhmət olmasa, özünüzü təqdim edəsiniz.

Mən - Məhəmməd Quluzadə ixtisasca hüquqşünasam. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr pilləsi üzrə, Böyük Britaniyanın Essex Universitetində İnsan hüquqları  ixtisası üzrə magistr təhsili almış, Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında oxumuşam. Hüquq üzrə fəlsəfə doktoruyam. İnsan hüquqları sahəsi üzrə 20 ildən yuxarı təcrübəm var, eyni zamanda Avropa Şurasında və ATƏT-də çalışmış, müxtəlif təşkilatlarda ekspert olmuşam.10 il ərzində özəl hüquq fəaliyyəti ilə məşğul olmuşam - özəl hüquq şirkətim olub. Bir sıra ali təhsil müəssisələrində - BDU-nun Hüquq fakültəsində, “ADA” Universitetində  və Dövlət Gömrük Komitəsinin Akademiyasında 10 ildən də artıq müddət ərzində müxtəlif fənləri tədris etmişəm. Ötən ildən etibarən Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədriyəm və eyni zamanda, Məhkəmə-Hüquq Şurasının üzvüyəm.  

 

- Əla, çox gözəl!. Siz az öncə qeyd etdiniz ki, Məhkəmə-Hüquq Şurasında fəaliyyət göstərirsiniz. Həmin şurada sizin fəaliyyətiniz nədən ibarətdir?

Bildiyiniz kimi Məhkəmə-Hüquq Şurası hakimlərin seçilməsi, hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi, hakimlərə təsir edən qanunvericiliyin  təkmimləşdirilməsi prosesləri ilə məşğuldur. Azərbaycanda biz, Məhkəmə-Hüquq Şurası olaraq, hakimlərin sayını artırmaq, eyni zamanda  məhkəmə baxışında olan işləri daha keyfiyyətli baxılmasını təmin etmək və ya belə bir hal olsaki, hansısa hakimlər qanun pozuntusuna yol verir və ya qanunvericiliyi düzgün tərtib etmir, onlara da qarşı müəyyən addımların atılmasını da müəyyənləşdirməyə çalışırıq.

 

- Aydındır, təşəkkür edirəm. İnsan hüquqları, insan haqları məsələsinə gəlincə, hal-hazırda Azərbaycanda sizcə bu sahədə vacib olan nüanslar nələrdir?

Bilirsiniz ki, Azərbaycanda insan hüquqları ilə bağlı çox işlər görülmüşdür. Müstəqillik əldə etdiyimizdən bu günə qədər bu proses dayanmayıb və mütəmadi olaraq davam etməkdədir. Dövlət qurumlarının işləri daha da şəffaflaşır, vətəndaş önə çəkilir və bu sahədə xeyli qanunlar da qəbul edilir. Bunu da qeyd edim ki, bizim 3 pilləli məhkəmə sistemi mövcuddur. Amma bu o demək deyil ki, Azərbaycanda  artıq insan hüquqları tam təmin olunmuşdur. Dünyada elə bir ölkə yoxdur ki, orada insan hüquqları problemi olmasın. İstər, Amerikada, istər İngiltərədə, istərsə də Fransada və s. Çünki insan hüquqları özü elə bir sahədir ki, o mütəmadi inkişaf edir. Əvvəllər ən önəmli hüquqlardan biri yaşamaq hüququ və s. idisə, indi ekologiya, əqli mülkiyyət üzrə hüquqlar ortaya çıxır və yeni insan hüquqları yaranır. Ona görə də, bu proseslər davam etdikcə, bizim dövlətimiz, qanunvericiliyimiz buna uyğunlaşmalıdır. Biz baxmaq istəsək ki, Azərbaycanda hal-hazırda hansı insan hüquqları daha çox gündəmdədir və ya daha çox pozulur, bunun üçün Avropa İnsan hüquqları məhkəməsinin statistikasına nəzər yetirə bilərik. Orada Azərbaycana qarşı qəbul edilən yüzlərlə qərarlar vardır və biz bu qərarları İnstitutda təhlil etmişik. Bir çox qərarlar mülkiyyət hüququnun pozulması ilə əlaqədardır. Bu da Avropa Konvensiyasının 1-ci protokolun 1-ci maddəsidir ki, 40-dan çox iş sırf mülkiyyət hüququ ilə bağlıdır. Bundan başqa Azərbaycana qarşı Ədalətli Məhkəmə hüququnun (6-cı maddəsinin) pozulmasına dair 100-dən çox iş vardır. Eyni ilə də digər maddələr üzrə pozuntular da mövcuddur. Hal-hazırda biz, Azərbaycanda sosial medianı izləyərək müşahidə edə bilərik ki, bizdə mülkiyyət hüququ üzrə problemlər çoxdur və bu problemlər nədən irəli gəlir? 

Məsələn : Hər hansısa bir özəl şirkət, bina tikir və bir mənzili bir neçə şəxsə satır və ya görürsünüz ki, insanlar mülkiyyət hüququnu təsdiq edən sənədi yoxlamadan bir-birinə ödəniş edirlər sonra isə mülkiyyət hüququ tanınmayanda həmin pulun geri qaytarılması ilə bağlı problemlər yaranır. Ya da görürsünüz ki, boşanma halları baş verən zaman, əmlakın bölünməsi il bağlı da problemlər yaranır. Bundan başqa qeyd etmək istəyirəm ki, bizdə insan hüquqları sahəsində maarifləndirmə ciddi bir problemdir. Düzü ölkəmiz balacadır, cəmi 10 milyondan çox əhalimiz var buna baxmayaraq, əhalimizin böyük  bir hissəsi, xüsusi ilə də regionlarımızda yaşayan vətəndaşlar öz hüquqlarını bilmirlər. Hüquqlarını bilməyən zaman, artıq onların hüquqları pozulan zaman çoxunun heç bu pozuntu haqqında məlumatı olmur və qorxudan bildirmirlər ki, iş böyüyər, təqiblərə məruz qalarlar. Bəzi hallar da isə inamsızlıq olur ki, kimdir axı mənim hüquqlarımı müdafiə edən və s. Halbuki, bizdə kifayət qədər təsisatlar var istər məhkəmə, istər vəkillərimiz, istərsə də Ombudsman təsisatı. Bu hüquqların bərpası orada təmin oluna bilər. Vəkil ümumi qanunları, baş verən prosesləri və onların həlli üçün hüquq alətlərini necə səmərəli istifadə etməli olduğunu bilir.

 

- Bəli, sizinlə tamamilə razıyam. Sizcə Vətəndaş Cəmiyyəti İnstitutları bu məsələlərdə cəmiyyətin maarifləndirilməsi ilə bağlı nə qədər aktiv olmalıdırlar? Məncə bu maksimal şəkildə belə olmalıdır. Çünki siz az öncə qeyd etdiniz ki, regionlarımızda bu problem hazırda var. Siz, Hüquq və İnsan Haqları İnstitutu Vətəndaş Cəmiyyəti İnstitutu ilə əməkdaşlıq edirsinizmi ?

Bəli, əməkdaşlıq edirik. Mən özüm vəzifəyə ilk gəldiyim zaman, müzakirələrdən biri məhz QHT-lərlə olmuşdur. O vaxt biz qht.az saytından istifadə edərək, Azərbaycanda fəaliyyət göstərən QHT-lərə müraciətlər də ünvanladıq ki, Hüquq və İnsan Haqları İnstitutu İnsan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərlə görüş keçirəcək. Kim istəyirsə, qeydiyyatdan keçsin, iştirak etsin. Bu görüş onlayn keçirildi eyni zamanda biz bir çox təkliflər aldıq və bunun üzərində işləyirik.

 

- Təşəkkür edirəm, İnsan hüquqları ilə qanun aliliyi arasında sizcə fərq nədir?

 Qanun aliliyinin əsas prinsipi onu bəlli edir ki, qanun qarşısında hər kəs eynidir. Maddi vəziyyətindən, cinsindən asılı olmayaraq hər bir şəxs qanun qarşısında bərabər olmalıdır. Biz qanun dedikdə isə keyfiyyətli qanun nəzərdə tuturuq, çünki Avropa Konvensiyası tələb edir ki, qanunlar əlçatan və keyfiyyətli olmalıdır yəni, bizim Milli Məclis və digər qurumlar qanunlar qəbul etdikdə sırf onların keyfiyyətinə fikir verməlidirlər.

 

- Çox sağ olun, Mən siz ilə görüşə gəlməmişdən öncə sizin saytınıza baxdım, çox dəyişikliklər olunubdur. Həqiqətən də bir çox istiqamətlərdə İnstitut çox aktiv şəkildə fəaliyyət göstərir, mənə maraqlıdır ki, indi son dövrdə Hüquq və İnsan Haqları İnstitutunda nə dəyişiliklər var, yeni planlarınız nələrdir?

Bu İnstitut 1998-ci ildən fəaliyyət göstərir. Uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərib. 2022-ci ildə İnstituta publik hüquqi şəxs statusu verilib və hal-hazırda Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin tabeliyində fəaliyyət göstərir. Publik hüquq şəxs statusu veriləndən bəri İnstitutun əsas istiqamətləri qanunvericiliyin təkmilləşdirilməsi prosesində iştirak etmək, hüquqi maarifləndirmə tədbirləri həyata keçirmək, eyni zamanda hüquqi tədqiqat aparmaq və s. olub. Bu prosesi həyata keçirmək üçün İnstitutda çox böyük islahatlar aparılmışdı. Biz yeni kadrlar cəlb etdik, çalışdıq ki, bu kadrların maddi təminatı yaxşı olsun, eyni zamanda bütün hüquqşünas heyəti təxminən 20-ə yaxın təlimlərə cəlb etdik. İnstitutun bu fəaliyyəti beynəlxalq tərəfdaşlara cəlbedici oldu. Bunun nəticəsində biz, BMT İnkişaf Proqramı ilə çox yaxından əməkdaşlıq etdik. Onların dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq virtual Hüquq və insan haqları kitabxanası yaradıldı. Bu kitabxananın təqdimatı Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olundu və hal-hazırda Azərbaycan müəlliflərinin, alimlərinin yazdığı kitablar, məqalələr, hesabatlar saytdan pulsuz endirilə bilir, onlayn kitabxana daim yenilənir və  ilk 6 ayda 40.000-dən çox məlumatın endirilməsi ilə bağlı statistik məlumatlar vardır və bu çox güclü bir göstəricidir. Bundan başqa biz, BMT-nin İnkişaf Proqramı ilə Bakıda və 3 regionda o cümlədən, Qubada, Gəncədə, Naxçıvanda polislər üçün insan hüquqlarına dair təlim keçdik və Avropa Məhkəməsinin 5-ci maddəsi üzrə çıxarılan işlərin təhlil edilməsi ilə onları bu sahədə maarifləndirdik. Bunun ardınca Avropa Şurası bizə müraciət etdi və biz Avropa Şurasının dəstəyi ilə Bakıda, rayonlarda ümumilikdə 10 təlim təşkil etdik. Bu təlimdə ədliyyə və prokurorluq orqanlarının əməkdaşları, o cümlədən vəkillər, mediatorlar, hüquqşünas tələbələr iştirak edirdilər. Ümumilikdə 2023-ci ildə tərəfimizdən 34 təlim keçirilib və bu təlimlərdə 700-dən çox şəxs iştirak edib. Biz azadlıqdan məhrum etmə yerlərində, məhkum uşaqlarla və müxtəlif yerlərdə bu təlimləri keçirdik və mütəmadi olaraq keçirməyi planlayırıq. Müxtəlif auditoriyalar bizləri dəvət edərək, bu təlimləri keçirməyimizi istəyirdilər. Hal-hazırda jurnalistlər üçün təlim hazırlayırıq. 2023-cü ilin ilk 6 ayında 20 saytda gedən 17.000-dən çox məqaləni təhlil etdik təəssüf ki, bu saytların hamısında müxtəlif insan hüquqlarının pozulmasına rast gəldik və mətbuatda bu pozuntulara yer verilirsə, deməli jurnalistlər də bu mövzuda maariflənməlidirlər. Çünki bu məqalələri həm yerli vətəndaşlar, həm də xarici vətəndaşlar oxuyurlar və bu məqalələrdə insan hüquqlarına hörmət ilə yanaşmalıdırlar.

 

- Təşəkkür edirəm, son illərdə insan hüquqları fundamental prinsipləri misli görünməmiş pandemiyalar, müharibələr, çevirilişlər ciddi sınaqlardan keçirilir. Sizcə insan haqları hərəkatı geriyə gedirmi?

Bilirsiniz, müəyyən hallar olur  biz təəssüf hissi ilə baxırıq ki, bu insan hüquqları sahəsində yaradılan beynəlxalq təchizatlar öz funksiyalarını, öz etimadını doğrultmur. Elə bizim Qarabağ məsələmizdə BMT-nin yanaşmasını misal çəkək. BMT Qarabağla əlaqədar 4 bəyannamə qəbul etmişdir, təəssüflər olsun ki, bundan başqa BMT-nin konkret töhfəsi olmamışdır. Halbuki, Qarabağda soyqırımı da olmuşdur, Qarabağda insan hüquqlarının kütləvi pozulması halları da olmuşdu, yüz minlərlə vətəndaşımızın mülkiyyət hüquqları pozulmuşdu, yəni bu qədər insan hüquqlarının pozulmasına baxmayaraq BMT-nin real addımlar atmaması eyni zamanda Ermənistandan tələblər irəli sürməməsi  onu göstərir ki, BMT özü də artıq bu sahədə təkmilləşməlidir.

 

- Biz bilirik ki, hər il dekabrın 10-u İnsan Hüquqları günü kimi qeyd olunur. Bəs sizin İnstitut bu günlə bağlı hansısa tədbirlər planlaşdırır bu il?

Biz hər il İnsan Hüquqları gününə həsr olunmuş müəyyən tədbirlər keçiririk, məsələn keçən il biz jurnalistika və hüquqşünas sahələri üzrə təhsil alan tələbələr arasında müsabiqə elan etdik. Hüquqşünas tələbələr İnsan hüquqlarına dair onlayn testə qoşuldular,  jurnalistlər isə İnsan Hüquqlarına dair kiçik video roliklər hazırlayıb bizə təqdim etdilər. Qaliblər ilə görüşdük,  öz kitablarımızı hədiyyə etdik və onlara İnstitutda təcrübə keçmək imkanı yaratdıq. 10 Dekabr böyük formatda konfransımız oldu. İnsan hüquqlarına dair müxtəlif mövzuları müzakirə etdik və çoxsaylı dövlət qurumları burada iştirak etdilər. Eyni ilə də bu il 6 dekabr biz BMT-nin İnkişaf Proqramı ilə birgə böyük bir tədbir keçirməyi planlaşdırırıq. Bu tədbir Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunacaq. Tədbir hibrid formada keçiriləcək. Təxminən 80 nəfər yerli eyni zamanda xarici qonaqlarımız olacaq, onlayn qoşulan qonaqlarımız da təxminən 50-60 nəfər olacaqdı, müxtəlif ölkələrdən müxtəlif sahədə çalışan ictimai birliklər, elmi tədqiqat institutları, hüquq sahəsində çalışan professorlar eyni zamanda ictimai xadimlərin qoşulması gözlənilir.

 

- Çox gözəl, təşəkkür edirəm öz dəyərli vaxtınızı bizə ayırdığınız üçün. Çox maraqlı bir müsahibəmiz oldu. Son olaraq oxucularınıza bir diləyiniz bir ismarıcınız  varsa, buyurun.

Sonda mən sizə təşəkkürümü bildirmək istəyirəm ki, İnstitutun fəaliyyəti ilə yaxından maraqlanırsız. Bizim naliyyətlərimizi öz oxucularınıza çatdırmaq üçün müsahibəni təşkil etmisiniz. Sizin oxuculara müraciət etmək istəyirəm ki, biraz fəal olsunlar. Biz tez-tez oxucularımıza suallarla müraciət edirik, bəzən bir nəfər yaxud 2 nəfər cavab verir. Düzdü oxuyanlar çoxdu, amma cavab verənlər azdı. Mən çox istərdim ki insan hüquqları sahəsinə maraq artsın.

Mənbə: injuria.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı