Xəbərlər 02.10.2023 00:05 2904

QHT nənələri nəvələrlə bir araya topladı - FOTOLAR

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada olduğu kimi, ölkəmizdə də Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova QHT.az-a bildirib ki, yaşlı nəslin nümayəndələrinə hörmət və ehtiram xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz tərkib hissəsidir: “Bu gün ölkəmizdə ahıl insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub və bu qayğı ildən-ilə artır. Ahıl vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən yaşlı insanlara müxtəlif növ xidmətlərin göstərilməsi, onların maddi-məişət şəraitinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Sosial dövlət siyasətinin bu istiqamətdə həyata keçirilməsinə vətəndaş cəmiyyəti də öz töhfəsini verməkdədir. “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi bu əlamətdar günü    hər il müxtəlif tədbirlərlə qeyd edir. Ənənəsinə sadiq qalaraq, İctimai Birlik Beynəlxalq Ahıllar Günü münasibətilə xeyriyyə tədbiri təşkil edib – ağbirçək nənələri nəvələri ilə birgə uşaqların sevimli məkanında, bayram süfrəsini təmənnasız təşkil edən “McDonald's Azərbaycan” şirkətinin restoranlarının birində toplayıb”.

Tədbiri giriş sözü ilə açan QHT sədri Ruhiyyə Məmmədova iştirakçıları əlamətdar gün münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı, uzun ömür və xoş əhval-ruhiyyə arzulayıb, dövlətin yaşlı insanlara diqqət və qayğısından söz açıb, onların həyat və əmək təcrübəsinin gənclərin xalqa və dövlətə sadiq, vətənini sevən, bilikli və bacarıqlı, zəhmətkeş və layiqli ölkə vətəndaşı kimi formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Əksəriyyəti şəhid anaları olan nənələr övladlarının yadigarlarının bir araya gəlməsini, birgə əylənməsini böyük məmnunluq hissi ilə qarşılayıb, övladlarının ruhunu şad etdiklərinə görə tədbir təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Bu maraqlı görüşdə “Zəhra Xatun” MMC-nin hədiyyələri və sovqatları nəvələrin sevincinə sevinc qatıb. Tədbirə QHT-nin himayəsində olan ahıllar və təşkilatın fəaliyyətində könüllülər qismində iştirak edən gənclər də qatılıblar.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı