Xalq artisti Əjdər Həmidovun doğum günüdür - VİDEO
28 sentyabr yaratdığı bütün obrazlara sənətkar məsuliyyətilə yanaşan görkəmli kino və teatr aktyoru, Xalq artisti Əjdər Həmidovun (1953 – 2020) doğum günüdür.
QHT.az xəbər verir ki, 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirən Əjdər Həmidov təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilir. Bu teatr səhnəsində M.F.Axundzadənin “Lənkəran xanının vəziri” (vəzir), S.S.Axundovun “Tamahkar” (Qulu), V.Səmədoğlunun “Bəxt üzüyü” (milis), Anarın “Adamın adamı” (Həfçi Məlik), N. Həsənzadənin “Bütün Şərq bilsin” (sərsəri), S.Qənizadənin “Dursunəli və ballıbadı” (Dursunəli) tamaşalarında çıxış edir.
Əjdər Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının heyətinə qəbul edilir və bu sənət ocağında ifa etdiyi Şeytan (“Özümüzü kəsən qılınc”, B.Vahabzadə), I kafir (“Burla Xatun”,N.Xəzri), Daşdəmir (“Bu dünyanın adamları”,H.Orucov), Şou-Zəli (“Hələ sevirəm deməmişdilər”, R.Novruz), Dito (“Kaş araba aşmayaydı”, O.İoseliani), Əmir (“Füzuli və Əsmər”, M.Seyidzadə), Əzrail (“Teleskop”, (Elçin), Yəhudi (“Qadın məhəbbəti”, V.Hüqo), Nəcəf (“Qürbətdən gələn məktublar”, H.Həsənov), Balarza (“Almaz”, C.Cabbarlı) kimi maraqlı rollarla geniş tamaşaçı sevgisini qazanır.
Özünəməxsus aktyor oyunu ilə seçilən Əjdər Həmidov milli kinomuza rejissor Cahangir Mehdiyevin quruluş verdiyi “Kişi sözü”(1987) filmində Qasım obrazı ilə gəlir. Hər rolun xarakterindən çıxış edərək təkrarsız sənətkar sözü deməyə müvəffəq olan Əjdər Həmidov “Gənc qadının kişisi”, “Lətifə”, “Girişmə, öldürər!”, “Mənim ağ şəhərim”, “Hər şey yaxşılığa doğru”, “Yerlə göz arasında”, “Hacı Qara”, “Milli bomba” filmlərində və “Yoxlama” çoxseriyalı televiziya filmində yaddaqalan obrazlar yaradır.
Allah Rəhmət eləsin!
Pərvanə Fərhadqızı