Xəbərlər 18.08.2023 08:34 1778

Son üç ayda mediasiya üzrə uğurlu nəticələrimiz 50.9 %-ə yüksəlib - Nadir Adilov

Son üç ay – may, iyun, iyul ayları üzrə uğurlu mediasiya nəticələrimiz 50.9 % - dək yüksəlmişdir. Bu nəticələrə çatmağımızda mediatorlarımızın saatlarla, günlərlə və həftələrlə çəkdikləri gərgin əməyin böyük rolu var. Bəzən tərəfləri dinləmək üçün saatlarla, günlərlə vaxt lazım olur. Xüsusən nəzərə almaq lazımdır ki, istənilən münaqişənin dərinliyi hər bir mediatorun işini çətinləşdirir.

 

QHT.az bildirir ki,  bunu BAKU.NEWS-a açıqlamasında Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib.

 

"Bu nəticələrə çatmağımızda dövlət orqanları ilə qurduğumuz səmərəli əməkdaşlığın, dövlət orqanlarının, KİV, media, Vətəndaş Cəmiyyəti, QHT sektorunun mediasiya islahatlarına verdiyi töhfə ilə yanaşı, tərəflərin vəkillərinin, nümayəndələrinin və hüquqşünasların, tərəflərin özlərinin də böyük bir rolu var. Fürsətdən istifadə edib, hər dəfə olduğu kimi bizə bu çətin işimizdə dəstək olan bütün qurumlara, şəxslərə dərin təşəkkür edirəm", deyə N.Adilov. bildirib.

 

O qeyd edib ki, beynəlxalq ekspertlərin də təklif etdiyi metodoloji hesabat formalarına uyğun olaraq hazırlanan hesabatlarımız Kütləvi İnformasiya Vasitələrində, sosial şəbəkələrdə açıq və şəffaf formada yayılır. Məqsədimiz keyfiyyətli mediasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlətimizin üzərimizə qoyduğu öhdəliyi vicdanla yerinə yetirməkdir.

Əlbəttə ki, iş olan yerdə nöqsanlar, çatışmazlıqlar ola bilər. Nöqsanlar və çatışmazlıqlar varsa belə, bu o anlama gəlməməlidir ki, bunlar davam etməli və ya bu nöqsanlarla bağlı ölçü götürülməməlidir.

 

Mediasiya Şurası yarandığı gündən bu günədək bütün vətəndaş müraciətlərinə açıq olmuşuq. Bu ənənəyə yenə də sadiqik və bir daha qeyd edirəm, məqsədimiz ölkəmiz üçün yeni olan mediasiya sahəsini inkişaf etdirmək və keyfiyyətli mediasiya xidməti göstərməkdir.

Mediasiya Şurası 2023-cü ilin may, iyun və iyul ayları üzrə hesabatı ictimai rəyə təqdim etməklə bərabər, vətəndaşlara müraciət edərək, əgər vətəndaşların və yaxud da hüquqi şəxslərin mediasiya xidmətlərinin keyfiyyətindən və eyni zamanda vətəndaş məmnunluğundan narazı qaldıqları mediasiya təşkilatları və mediatorlar varsa, bu barədə Mediasiya Şurasına, Şuranın İdarə Heyətinin sədri kimi birbaşa mənə rəsmi müraciət etməklərini xahiş edirəm. Hər bir müraciət rəsmi qaydada araşdırılacaq və müvafiq ölçü götürüləcəkdir.

Əgər vətəndaşlar hər hansı mediasiya təşkilatı və ya mediatorun göstərdiyi xidmətdən razı qalmayıbsa, bu barədə birbaşa mənə istər sosial şəbəkələr vasitəsi ilə [email protected] və ya [email protected] elektron poçt ünvanlarım vasitəsi ilə müraciət edə bilərlər.

 

Yetər ki, vətəndaşlar, hüquqi şəxslər müraciətlərində narazı qaldıqları işin xüsusatları, həmin mediasiya təşkilatının və mediatorun adını göstərməklə, bu barədə problemi ətraflı qeyd etsinlər.

 

"Vətəndaş müraciətlərinin məxfiliyinə, Qanunvericilikdə nəzərdə tutulan mediasiya məxfiliyinin qorunmasına Mediasiya Şurası olaraq zəmanət veririk. Eyni zamanda diqqətə çatdırıram ki, qeyd edilən müraciətlərdə vətəndaşlarla çevik əlaqə saxlamaq məqsədi ilə, vətəndaşlara və hüquqi şəxslərlə əks əlaqəni çevik təmin etmək üçün mobil əlaqə nömrələrini qeyd etməkləri də xahiş edilir", deyə N.Adilov əlavə edib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı