Xəbərlər 07.06.2023 19:02 1831

“Xankəndi və ətraf rayonlarda da kütləvi məzarlıqlar var” - Hüquqşünasdan DETALLAR

Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Beynəlxalq Qızıl Xaç Komitəsinin və digər müvafiq qurumların nümayəndələri ilə birlikdə Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Ağdam rayonunun Sırxavənd, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndləri və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində aşkarlanan kütləvi məzarlıqlardan, eləcə də Şuşa həbsxanasının ərazisindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan xeyli sayda insan meyitinin qalıqları ekshumasiya edilib.

Məsələ ilə bağlı hüquqşünas, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev Ednews-a açıqlama verib. 

Onun sözlərinə görə, daha əvvəldə Qarabağ ərazisində ermənilər tərəfindən törədilən kütləvi məzarlıqlar aşkar edilib.

“Bunlar onun göstəricisidir ki, vaxtı ilə əsir və girov götürülmüş şəxslərə əzab və işgəncə verilib. İlkin görünən odur ki, meyiti tapılan şəxslərə işgəncə verməklə yanaşı güllələniblər də. Ermənilər insanları vəhşicəsinə döydükdən sonra xəndək qazıb, kütləvi şəkildə basdırıblar. Daha sonra yalnızca üzərinə torpaq töküblər. Bu faşizmin hərəkətidir. Tarixə də baxsaq, bu kimi halları ayrı-ayrı ölkələrdə görərərik. Azərbaycan tərəfi dəfələrlə Ermənistana əsir və itkin düşmüş dörd min nəfərlə bağlı müraciət edib. Lakin hələ də heç bir açıqlama yoxdur. Kütləvi məzarlıqlar, mina xəritələri ilə bağlı erməni rəhbərliyində xəritə və məlumatlar var. Lakin hər zaman onlar bunu ya təkzib edirlər, ya da verməkdən boyun qaçırırlar”.

Hüquqşünas  Beynəlxalq humanitar hüquqda mülki şəxslərə zəruri olan müdafiə və humanist rəftarın təmin edilməsi və müharibə qurbanlarının müdafiəsinə dair dörd Cenevrə Konvensiyanın olduğunu vurğulayıb:

“Lakin bu Konvensiyaya əməl edilmir. Mülki və hərbi əsirlərin müdafiəsinə çox ciddi toxunulub. Davranışlar fərqli olmalıdır. Əgər əsir düşən mülki şəxslər heç müqavimət göstərmirsə müharibədən dərhal sonra həmin əsirlər geri qaytarılmalıdır. Lakin Ermənistan hələ də əsirlərimizi qaytarmaqdan boyun qaçırır. Ötən ay yolu azaraq Ermənistan sərhəddinə keçən hərbiçələrimiz hələ də qaytarılmayıb. Ermənistan beynəlxalq hüquqa riayət etmir. Bu da onu bir daha göstərir ki, erməni faişizmi davam edir. Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Hərbi əsirlərin müdafiəsi beynəlxalq konvensiya ilə bağlıdır. Humanitar rejimi pozarularaq insanlara işgəncə verilib və yaşamaq hüquqları əlindən alınıb”.

Əliməmməd Nuriyev qeyd edib ki, yaşamaq hüququ çox ciddi və dərin mövzudur. 

“Mütləq şəkildə məhkəmə onun haqqında qərar verir. Burada həm də soyqırım əlamətləri də var. Çünki öldülərən insanlar azərbaycanlı olduqları üçün öldürülüb. Kütləvi məzarlıqları soyqırımda adlandırmaq olar.  Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların tapılması istisna edilmir. Düşünürəm ki, Xankəndi və ətraf rayonlarda da kütləvi məzarlıqlar var. Buna görə Ermənistan həm milli məhkələrimiz, həm də beynəlxalq məhkəmələr qarşısında cavab verəcək”.

Aysel Şahmar

Ednews


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı