Qrantlar 14.04.2023 22:12 8175

Qrant müsabiqəsi elan edildi: MƏBLƏĞ 15 000

Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra – “Fond”) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli 451 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən 14 aprel 2023-cü il tarixindən gənclər təşkilatları üçün 17-ci qrant müsabiqəsi çərçivəsində yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir.

Müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə yönəlmiş layihələri dəstəkləmək, habelə gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.

Layihələrin müddəti:

Müsabiqəyə təqdim olunmuş yerli və beynəlxalq layihə kateqoriyaları üzrə müraciətlərin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

Layihələrin məbləği:

Yerli layihələr üzrə müraciət məbləğinin dəyəri 10 000 (on min) manatdan, beynəlxalq layihələr üzrə 15 000 (on beş min) manatdan çox olmamalıdır.

Layihələrin təqdim olunmasına dair əsas tələblər:

  • Müsabiqədə iştirak etmək üçün gənclər təşkilatları Fondun rəsmi internet saytında (youthfoundation.az)qeydiyyatdan keçməli və saytda əks olunan formaya uyğun olaraq, elektron qaydada müraciət etməlidir;
  • Gənclər təşkilatlarının müsabiqə çərçivəsində yerli və beynəlxalq layihə kateqoriyaları üzrə təqdim etdikləri yalnız 1 layihənin Fond tərəfindən maliyyələşdirilməsinə yol verilir;
  • Layihələr yerli və beynəlxalq kateqoriyalar üzrə maliyyələşdirilir – Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınan gənclər təşkilatlarının Azərbaycan Respublikasının ərazisində həyata keçirdiyi layihələr yerli layihələr; ən azı iki xarici ölkədən olan gənclər təşkilatı və beş ölkəni təmsil edən gənclərin iştirakı ilə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının Azərbaycan Respublikasında həyata keçirdiyi, habelə Azərbaycan Respublikasından olan gənclərin iştirakı ilə xarici ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan layihələr beynəlxalq layihələr kateqoriyasına aiddir;
  • Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.

Aşağıdakı resipiyentlərin (qrant alanların) müsabiqədə iştirakına yol verilmir:

  • Fondun maliyyələşdirdiyi və icra müddəti bitməyən layihələrin icraçıları;
  • Fondun maliyyələşdirdiyi və icra müddəti bitən, lakin yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixə 15 (on beş) gün qalmış maliyyə hesabatlarını Fonda təqdim etməyən qrant alanlar;
  • Siyasi, xeyriyyə, kommersiya və dini fəaliyyəti nəzərdə tutan layihələr Fond tərəfindən maliyyələşdirilmir.

Layihələr seçilərkən üstünlük veriləcək meyarlar:

Müsabiqənin başlama tarixi:

  • Layihə təklifləri 14 aprel 2023-cü il tarixindən başlayaraq təqdim edilə bilər.

Layihə təkliflərinin qəbulu üçün son tarix:

  • Layihə təklifləri üçün son müraciət tarixi 15 may 2023-ci il, saat 18:00 müəyyən edilib.

Layihə müraciətləri üzrə mövzular:

Yerli və beynəlxalq layihələr üzrə mövzular

 

Qeyd 1: Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə sənəd və materiallar toplusu ilə buradan tanış ola bilərsiniz.

Qeyd 2: Layihələrin icra müddətinin başlamasının 1 iyul 2023-cü il tarixindən sonra nəzərdə tutulması tövsiyə olunur.

Müraciət üçün: Elektron kabinetə giriş

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı