Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva təhsil sahəsində baş verən neqativ hallara münasibət bildirib. QHT.az xəbər verir ki, QHT sədri müəllimlərin və məktəb direktorlarının rüşvət qalmaqallarında adlarının hallanmasının cəmiyyət üçün ciddi təhlükə yaratdığını vurğulayıb.

“Müəllim yalnız o zaman gözdən düşür ki, dərs dediyi şagirddən pul yığır, yalan danışır, şagirdlərə sosial statuslarına görə fərq qoyur və savad vermək əvəzinə vaxtını mənasız söhbətlərlə keçirir. Belə hallar təkcə təhsil sisteminə deyil, bütövlükdə gənc nəslin formalaşmasına mənfi təsir göstərir” – deyə o qeyd edib.

Zenfira Mustafayeva vurğulayıb ki, müəllimlik peşəsi vicdanın və mənəvi dəyərlərin qorunmasını tələb edir. “Gün gələcək, etdiklərimiz özümüzə qayıdacaq. Vicdanın nə olduğunu bilməyənlər olsa da, biz müəllimlər hər zaman vicdanımıza hesabat verməliyik. Nə tökəcəyik adımıza, o da qarşımıza çıxacaq” – deyə o fikirlərini tamamlayıb.

 

Pərvanə Fərhadqızı