M.Ə. Sabirin dediyi kimi:

“Bir söyüşdən ötəri etmə əziyyət balama,
Göyərib coşma, utan, qonşuları yığma dama.
Sənə döydükləri getsin başı batmış atama,
Qışqırıb bağırma, yarma, uşaqdır uşağım!
Nə ədəb vaxtıdır, qoy söysün, uşaqdır uşağım!”

Son zamanlar telekanallarda və internetdə tez-tez söyüşlərlə qarşılaşırıq. Söyüş elə bir vasitədir ki, insan yaşadıqca bunu yaşadır. Söyüş cəmiyyətin sərhədlərinə qədər aktuallıq daşıyır. Bir çoxları söyüşü adi, quru bir söz olaraq görsə də, söyüş həm coşdura, qəzəbləndirə, güldürə, həm də ağlada bilər. Harada neqativ və çirk varsa, söyüşlər orada “çiçəklənir” və boy atır.

Söyüş, obrazlı desək, hər an partlayacaq və ətrafa zərər edəcək bir qumbaradır. O həm hücumdur, həm müdafiə, və ən çox kişilərə aiddir. Söyüş varsa, demək zorakılıq və şiddət də var. Bu, xəstə psixikanın məhsulu, kobudluq əlaməti və iradə zəifliyidir. Yüz minlərlə azərbaycanlı körpələrə fəxrlə söyüş öyrədir. Lakin bilmirlər ki, bu, həm də öz aura və mühitini çirkləndirir, kainata neqativ enerji göndərir. Bu neqativliklər əvvəl-axırda insanın özünə qayıdır.

Sevgiylə qalın…

 

Samirə İsmayılova

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin psixoloqu