Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən "Milli Kimlik" İdeoloji Hazırlıq Proqramı çərçivəsində növbəti görüş keçirilib. Görüşün xüsusi qonağı Azərbaycan Respublikasının birinci baş naziri, diplomat, tarix elmləri doktoru Həsən Həsənov olub. Tədbir "Dövlətin sosial və iqtisadi inkişaf konsepsiyası, əldə olunmuş nailiyyətlər" mövzusuna həsr edilib.
QHT.az xəbər verir ki, görüşdə “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri də iştirak edib. Həsən Həsənov çıxışında Azərbaycan tarixinin keçdiyi inkişaf yolları haqqında geniş məlumat verib. O, həmçinin Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini və birgə çalışdığı zamanlarda yaşanan maraqlı məqamları bölüşüb.
Həsən Həsənov, könüllülərin suallarını da cavablandıraraq, dövlətin sosial və iqtisadi inkişaf istiqamətləri, nailiyyətləri və gələcək perspektivləri barədə ətraflı məlumat verib. Görüş könüllülər tərəfindən maraqla qarşılanıb və çox sayda suallar verilib.
Bu kimi tədbirlər gənclərin milli kimlik və ideoloji hazırlıq səviyyəsini artırmaqla yanaşı, onlara dövlətin inkişaf strategiyaları və tarixi şəxsiyyətlərlə tanış olmaq imkanı yaradır.










