Boyun ağrısını azaltmaq üçün edilən nəzarətsiz “kütlətmə” hərəkətləri ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər bu üsulun tibbi müalicə metodu olmadığını və xüsusilə qəfil boyun hərəkətlərinin təhlükəli nəticələr doğura biləcəyini bildirirlər.
QHT.az xarici mediaya istinadən bildirir ki, Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasının Koordinator Baş həkimi və KBB mütəxəssisi Prof. Dr. Özgür Yiğit boyun kütlətmənin müalicə üsulu olmadığını deyib. Onun sözlərinə görə, ağrının səbəbi müəyyən edilmədən edilən masaj və digər müdaxilələr müalicə hesab edilə bilməz.
Yiğit qeyd edib ki, yanlış müdaxilə nəticəsində beyinə laxtanın getməsi, iflic, boyun fəqərələrinin sınması, onurğa və beyin kötüyünün zədələnməsi kimi ciddi fəsadlar yarana bilər. O, insanların “mənə yaxşı gəldi” kimi şəxsi təcrübələrə əsaslanaraq bu cür müdaxilələrə müraciət etməməsini tövsiyə edib.
Türkiyə Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahiyyəsi Dərnəyinin sədri Prof. Dr. Suat Turgut isə qəfil boyun hərəkətlərinin boyun damarlarında yırtılmaya və insult riskinə səbəb ola biləcəyini bildirib. Mütəxəssis bəzi hallarda boyun nahiyəsindəki ani hərəkətlərin onurğa beyni zədələnməsi, tənəffüsün dayanması və hətta ani ölüm riski yarada biləcəyini vurğulayıb.
Mütəxəssislər boyun ağrısının müxtəlif səbəbləri ola biləcəyini və müalicədən əvvəl düzgün diaqnozun vacib olduğunu bildirirlər. Boyun nahiyəsinə edilən müdaxilələr isə yalnız müvafiq tibbi qiymətləndirmədən sonra planlaşdırılmalıdır.












