Beynəlxalq elm jurnallarında dərc olunan yeni araşdırmaya görə, yuxu keyfiyyətinin aşağı olması beynin yaşlanma prosesini sürətləndirə bilər. Tədqiqatçılar bildirirlər ki, təkcə yuxu müddəti deyil, həm də yuxunun dərinliyi və fasiləsiz olması beyin funksiyalarına ciddi təsir göstərir.

QHT.az xarici mediaya istinadən bildirir ki, araşdırmada minlərlə insanın uzunmüddətli sağlamlıq göstəriciləri analiz edilib. Nəticələr göstərib ki, gecə tez-tez oyanan və ya keyfiyyətsiz yatan insanlarda yaddaş zəifləməsi və diqqət dağınıqlığı daha çox müşahidə olunur.

Mütəxəssislər qeyd edir ki, yetkin insanlar üçün ideal yuxu müddəti təxminən 7–9 saat arasıdır. Lakin əsas göstərici saat deyil, yuxunun davamlı və dərin olmasıdır.

Həkimlər həmçinin xəbərdarlıq edirlər ki, yatmazdan əvvəl telefondan istifadə, kofein qəbulu və stress kimi faktorlar yuxu keyfiyyətini azaldaraq uzunmüddətli sağlamlıq risklərini artıra bilər.

Araşdırmanın müəllifləri sağlam yuxu rejiminin qorunmasının yalnız yorğunluğu azaltmadığını, həm də ürək-damar və sinir sistemi sağlamlığı üçün vacib rol oynadığını vurğulayırlar.

Piranə Xasiyeva