İnsan orqanizminin hər gün problemsiz fəaliyyət göstərməsi üçün müəyyən miqdarda karbohidrat, protein, sağlam yağlar, vitamin və minerallara ehtiyacı var. Məsələn, aktiv bir yetkin insanın bədəni hər gün ortalama 225-325 qram karbohidrat, 50-75 qram protein və 44-77 qram sağlam yağ tələb edir. Biz bu maddələri gün ərzində qəbul etdiyimiz müxtəlif məhsullardan almalı, bədənimizi bir növ enerji təmin etməliyik. Lakin müasir dünyada qarşımıza çox ciddi bir sual çıxır.
QHT.az bildirir ki, müvafiq sahə üzrə aparılan elmi tədqiqatlar göstərir ki, kütləvi istehlak bazarına çıxarılan meyvə, tərəvəz və taxıl məhsullarının keyfiyyət tərkibi son 50 ildə ciddi tənəzzülə məruz qalmışdır. Torpaqların kimyəvi gübrələrlə istismarı, süni yetişdirmə texnologiyaları və vaxtından tez yığım prosesləri bitkilərin mineral və vitamin sintezini zəiflədir. Nəticədə, xarici görünüş baxımından standartlara cavab verən məhsulların daxili qida dəyəri kəskin şəkildə aşağı düşür. Tədqiqatçıların rəyinə görə, keçmiş dövrlərdəki bir ədəd almanın verdiyi dəmir və ya vitamin miqdarını bu gün eyni həcmdə qəbul etmək üçün bəzən bir neçə kiloqram məhsul istehlak etmək tələb olunur.
Problemin digər tərəfi isə qida rasionunda yüksək dərəcədə emal olunmuş məhsulların payının artmasıdır. Ağ un, rafinə olunmuş şəkər və yarımfabrikatlar orqanizmə yüksək kalori qazandırsa da, bioloji dəyəri minimum səviyyədədir. Ümumdünya Səhiyyə Təşkilatının da qeyd etdiyi kimi, bu vəziyyət müasir tibbdə "gizli aclıq" (mikronutriyent çatışmazlığı) kimi xarakterizə olunur. İnsan subyektiv olaraq toxluq hiss etsə də, bədən hüceyrə səviyyəsində sink, maqnezium, dəmir və B qrupu vitaminlərinin çatışmazlığını yaşayır. Bu balanssızlıq zamanla xroniki yorğunluq, immun sisteminin zəifləməsi və metabolik pozuntular şəklində sağlamlıq problemlərinə yol açır.
Nəticə olaraq, aldığımız qidaların keyfiyyəti azaldığı üçün rasionumuzu maksimum dərəcədə təbii seçməli, qidaların vitaminini öldürməməli və bədənimizin ehtiyaclarına qarşı daha diqqətli olmalıyıq.
Cəmilə Məcidova






