"Sosial media və internetdə yayılan maliyyə məsləhətlərinə ehtiyatla yanaşmaq lazımdır. Faydalı məlumatlarla yanaşı, yanlış və ya insanları riskli qərarlar verməyə sövq edən tövsiyələrə də kifayət qədər rast gəlinir".
Bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli QHT.az-a açıqlamasında bildirib.
O, vurğulayıb ki, xüsusilə, qısa müddətdə yüksək qazanc vəd edən məsləhətlərə tənqidi yanaşmaq, əldə olunan məlumatları bir neçə etibarlı mənbədən yoxlamaq vacibdir. Maliyyə qərarları qəbul edilərkən rəsmi qurumların və peşəkar mütəxəssislərin rəylərinə üstünlük verilməsi daha məqsədəuyğun hesab olunur.
Maliyyə fırıldaqlarından qorunmaq üçün şəxsi məlumatları, bank kartı nömrələrini, CVV kodlarını və təsdiq mesajlarını heç kimlə paylaşmamaq lazımdır. Şübhəli keçidlərə daxil olmaq, tanınmayan şəxslərin göndərdiyi linklər vasitəsilə ödəniş etmək və ya pul köçürmək risklidir. Hər hansı investisiya və ya qazanc təklifi həddindən artıq cəlbedici görünürsə, onun etibarlılığı diqqətlə araşdırılmalıdır.
Akif Nəsirli qeyd edib ki, maliyyə təhlükəsizliyini təmin etmək üçün hər bir insan gəlir və xərclərini planlaşdırmalı, imkan daxilində yığım formalaşdırmalı və kreditlərdən yalnız ödəmə qabiliyyətinə uyğun şəkildə istifadə etməlidir. Büdcəyə nəzarət etmək, gözlənilməz hallar üçün maliyyə ehtiyatı yaratmaq və borclanarkən riskləri əvvəlcədən hesablamaq uzunmüddətli maliyyə sabitliyinin əsas şərtlərindən hesab olunur. Maliyyə savadlılığının artırılması isə həm fırıldaqlardan qorunmağa, həm də daha düzgün maliyyə qərarları qəbul etməyə kömək edir.
Piranə Xasiyeva






