Mütəxəssislər xəbərdarlıq edirlər ki, son illərdə sağlam qidalanma və ya arıqlamaq məqsədilə qlütensiz pəhrizə keçən insanların sayı artsa da, bu seçim hər zaman sağlamlıq üçün faydalı olmur. Xüsusilə çölyak xəstəliyi diaqnozu qoyulmadan tətbiq edilən qlütensiz qidalanma bəzi hallarda orqanizmə zərər verə bilər.
QHT.az xarici mediaya istinadən bildirir ki, çölyak xəstəliyi qlüten qəbul edildikdə immun sisteminin nazik bağırsağa hücum etməsi ilə yaranır. Xəstəlik uzun müddət gizli qala bilər, çünki simptomları bir çox başqa xəstəliklərlə oxşarlıq təşkil edir. Mütəxəssislərin sözlərinə görə, bir çox insan xəstəliyə sahib olduğunu bilmədən yaşayır.
Həkimlər bildirirlər ki, səbəbi bilinməyən dəmir, B12 və fol turşusu çatışmazlığı, davamlı qarın köpü, ishal və çəki itkisi kimi hallar çölyak xəstəliyinin əlaməti ola bilər. Gec diaqnoz isə xroniki qanazlığına, qida maddələrinin mənimsənilməsində problemlərə və bəzi ciddi bağırsaq xəstəliklərinə səbəb ola bilər.
Mütəxəssislər vurğulayırlar ki, çölyak xəstələri üçün yeganə effektiv müalicə ömürboyu qlütensiz pəhrizə riayət etməkdir. Düzgün qidalanma nəticəsində xəstələrin əksəriyyətində şikayətlər əhəmiyyətli dərəcədə azalır və həyat keyfiyyəti yüksəlir.
Bununla yanaşı, tibbi ehtiyac olmadan qlüteni qidadan çıxarmaq da risk yarada bilər. Həkimlər qeyd edirlər ki, insanlar qlütenli məhsulları çox vaxt kartof və digər nişastalı qidalarla əvəz edir. Bu isə maddələr mübadiləsinin balansını poza və sağlam qidalanmaya mənfi təsir göstərə bilər.
Mütəxəssislər qlütensiz pəhrizə başlamazdan əvvəl mütləq tibbi müayinədən keçməyi və diaqnoz olmadan qidalanma vərdişlərini kəskin şəkildə dəyişməməyi tövsiyə edirlər.
Piranə Xasiyeva






